"Dava alkoqoldan istifadədən sonra yaranan anlaşılmazlıq nəticəsində baş verib..."
"Medvedev Norveçdə "Vaqner qrupu"nun hərbi cinayətləri barədə ifadələr vermək və Priqojinin məsuliyyətə cəlb edilməsinə nail olmaq niyyətində olub..."
Norveçə qaçan və orada sığınacaq istəyən "Vaqner qrupu" özəl hərbi şirkətinin sabiq komandiri Andrey Medvedev Osloda barda dava saldığına və polislərə qarşı zorakılıq hərəkətlərinə görə həbs edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Novaya qazeta- Avropa" nəşri məhkəmənin redaksiyanın əldə etdiyi sərəncamına istinadən məlumat yayıb.
İttiham sənədlərində deyilir ki, fevralın 21-dən 22-nə keçən gecə Medvedev Norveç paytaxtının mərkəzində dava salıb, bundan sonra saxlanılmasına müqavimət göstərərək, polis nəfərlərinə zərbələr endirib. Prokuror ona üç cinayət maddəsi ilə ittiham irəli sürüb.
Medvedevin vəkili Brunyulf Risnes bəyan edib ki, dava "alkoqoldan istifadədən sonra yaranan anlaşılmazlıq" nəticəsində baş verib.
Hüquqşünasın sözlərinə görə, keçmiş muzdlu dil məsələsində çətinlik çəkdiyindən öz fikirlərini ifadə etməkdə problemlərlə üzləşir.
Dindirilmədə Medvedev günahını etiraf etməyib. O, məhkəməyədək həbsdən azad edilib. İşə aprelin 25-də Oslo dairə məhkəməsində baxılacaq.
Andrey Medvedev gürzlə qətlə yetirilən Yevgeni Nujinin (şərti adı "Kusok") və "Vaqner qrupu" özəl hərbi şirkətinin 7-ci hücum dəstəsinin 4-cü tağımının 1-ci bölməsinin komandiridir.
Yanvarın ortalarında o, gizli yolla Rusiyanın Norveçlə sərhəddini Murmansk vilayətinin Nikel qəsəbəsi rayonunda keçib-iki hasarı adlayıb, sonradan rusiyalı sərhədçilərin atəşləri altında buz üzərilə qaçıb gedib.
Norveçdə Medvedev "Vaqner qrupu"nun hərbi cinayətləri, o cümlədən məhkəmədən kənar edamlar barədə ifadələr vermək niyyətində olub.
O, Norveç KİV-lərinə deyib ki, yeni həyata başlamaq istəyir, həmçinin "Qulaqu.net" layihəsinin təsisçisi Vladimir Oseçkinlə birgə "Vaqnerin əleyhinə" adlı kitab nəşr etdirmək və biznesmen Yevgeni Priqojini məsuliyyətə cəlb etmək niyyətindədir.

































































































