Mövsümün başlamamasına baxmayaraq artıq xeyli vaxtdır ki, marketlərdə qarpız və yemiş satılır. Mütəxəssislər bildirir ki, mövsümündən əvvəl yetişdirilən qarpız və yemişlərə stimuledici maddələr vurulur.
Məsələn, bu bostan bitkilərinin daha tez böyüməsi üçün onların becərilməsində amonium şorasından(seletra) çox istifadə olunur. Ona görə də indi satılan qarpız və yemişlər nitratla doludur. Bu maddələr orqanizmdə hemoqlabini qeyri-aktiv formaya çevirə bilir. Bu da hüceyrələrin tənəffüsünü pozur. Toxumalar və orqanlar hipoksiya yaşayır.
MÖVZU İLƏ BAĞLI:
Mövsümi meyvələrin qiyməti niyə ucuzlaşmır? - SƏBƏB
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış pediatr Vaqif Qarayev bildirib ki, “Hazırda marketlərdə satılan qarpız və yemişdən ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır. Bu onların həyatı üçün böyük risq yaradır. Ümumilikdə isə mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir. Ona görə də indiki vaxtda yemiş və qarpızın istehlakı məsləhət deyil”.
Vaqif Qarayev onu da əlavə edib ki,”indi satışa çıxarılan bostan bitkilərinin GMO olma ehtimalı da böyükdür. GMO məhsulları isə bütün hallarda ziyanlıdır.
Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik”.
Surxay Atakişiyev, Bizim.Media