Son günlər ölkədə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bununla yanaşı virusa yoluxmuş şəxslərin şikayətləri də bitib-tükənmək bilmir. Belə ki, koronavirusa görə götürülən PZR testlərin cavablarının gecikməsi vətəndaşlar arasında narahatlığa səbəb olub. Verilən testlərin cavabı minumum 3 gün olmaqla hətta həftələrlə gəlmək bilmir.
Nəticədə müalicəsi gecikən xəstələrin vəziyyəti daha da ağırlaşmağa doğru gedir.
TƏBİB-in mətbuat katibi Elnarə Baxışın Bizim.Media-ya verdiyi məlumata görə, test cavablarının gecikməsi yoluxma sayında kəskin artıma görədir:
MÖVZU İLƏ BAĞLI:
"Omikron"u testsiz təyin etməyin yolu açıqlandı
“Ölkədə SARS-CoV-2 virusunun “Omikron” variantının aşkarlanması səbəbiylə əlaqədar müraciətlərin sayı kütləvi artıb. Bu da mövcud labaratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin cavablarının tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır və bundan sonra da sözügedən istiqamətdə proses davam etdiriləcək”.
Qeyd edək ki, son statistikaya əsasən ölkə üzrə yoluxanların sayı 703334 –dür. Onlardan 45924-ü aktiv koronavirus xəstəsidir.
Səkinə Yusibli, Bizim.Media