Koronavirusa yoluxanların sayındakı artım bəzi problemləri ortaya çıxarmaqdadır. Xüsusilə də analiz və testlərin qiyməti əhalinin social rifahına uyğun gəlmir.
Test yoxlamalarının özəl klinikaların inhisarına verilməsi və oradakı test yaxmasının qiyməti heç bir məntiqə sığmır.
Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan (PCR) testin qiyməti 100-140 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Ancaq qan yox, yaxma testi əsas hesab olunur və xaricə uçuş zamanı məhz PCR testi qəbul edilir.
Sosial şəbəkədə ziyalısından tutmuş millət vəkilinə, adi siravi vətəndaşına kimi hamı deyir ki, COVİD-19 testləri özəl klinikalarda ya ucuz, ya da pulsuz olmalıdır.
Seva Mammadova adlı sosial şəbəkə istifadəçisi deyir ki, madiyyat ucbatından test yoxlamasını gec edib. Nəticədə müalicəyə gecikdiyi üçün ciyərlərində 50 % buzlaşma yaranıb:
- Polikninkaya zəng etdim gələn olmadı. Məcbur özəl klinikada yoxlandım. Qiymət isə mənim büdcəmə görə çox bahadır. Test yoxlanması nə qədər asan və ucuz olarsa xəstəliyin müalicəsinə də bir o qədər tez başlayarıq ki, millətimiz bu bəladan uzaq olsun. Lakin görünür, burada da işbazlar xalqın dərisini soymaqla məşğuldurlar.
Guliyeva Nigar adlı istifadəçi isə:
- Son günlər baş verənlər göstərdi ki, ictimai rəy ölkədə bir çox proseslərin gedişatını dəyişdirməyə qadirdir. Ona görə də testin qiymətinin özəl klinikada ucuz olmasını hamılıqla TƏBİB və Səhiyyə Nazirliyindən tələb etmək lazımdır.
Görünən odur ki, COVİD-19 cəmiyyətimizə ölüm xofu yaşatmaqla bərabər, sosial narazılıq yaratmaqla da məşğuldur. Səhiyyə müəssisələrindəki işbazlar isə buna yardım edirlər.
525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə belə bir sual edir. COVİD-19 testinin qiyməti niyə enmir ki? Pandemik biznesdir?
- Bəzi ölkələrdə hər aptekin qarşısında bir çadır qurublar, küçədən keçənləri də könüllü, pulsuz test edirlər, bir saata da nəticəsini deyirlər.
Bəs səhiyyə sistemində iki böyük dövlət strukturu fəaliyyət göstərdiyi halda bizdə niyə COVİD-19 testi özəl klinikaların inhisarındadır?
Professor-doktor Adil Qeybulla da düşünür ki, testin qiyməti nə qədər ucuz olsa, bir o qədər də insan yoxlanar.
Millət vəkili Vahid Əhmədov isə deyir ki, 100 manat bir vətəndaş üçün kifayət qədər bahadır. Yaxşı olar ki, test üçün vahid qiymət 20-30 manat müəyyən olunsun.
Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ölkəmizdə özəl klinikalardan əlavə olaraq, 40- dan çox test yaxması götürmək üçün labarotoriya var. Testlərin də çoxu inkişaf etmiş ölkələrdən gətirilir. Mən bilirəm qiymət bahadır. Amma unutmayın ki, Səhiyyə Nazirliyi tərəfindən sahə polikninkları şənbə və bazar günləri fəaliyyət göstərirlər ki, test yoxlamalarında sıxlıq yaranmasın:
- Sahə poliklinikalarında test yaxmansının götürülməsi tamamilə pulsuzdur. Özündə koronovirus əlamətləri hiss edən istənilən şəxs pulsuz xidmətdən yararlana bilərlər. Vətəndaşlar ərazidə olan poliklinikaya müraciət etsinlər. Bəli, sıxlığa görə vətəndaş məcbur olub özəl klinikaya gedir. Düşünürəm ki, özəl klinikların da vahid qiymətə keçməsinin vaxtı çatıb.
Xatırladaq ki, dünyada koronovirus testlərinin qiyməti ölkəmizdəkindən xeyli fərqlidir. Məsələn, Rusiyada testin qiyməti Azərbaycan manatı ilə 30 manatdan başlayır. Türkiyədə isə bu rəqəm təxminən 24 manat təşkil edir. Bəzi ölkələrdə isə bu prosses tamamilə ödənişsiz icra olunur.
Gülşanə Mustafayeva, Bizim.Media