COP29 çərçivəsində noyabrın 20-də “İnsanlar üçün şəhər: dayanıqlı gələcək üçün şəhər məkanlarının transformasiyası” mövzusunda tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov və nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli tədbirdə çıxış edərək “İnsanlar üçün şəhər” (City for people) konsepsiyasını təqdim edib, görüləcək işlər, layihələr və ekosistemin sağlamlığının təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıblar.
Tədbirdə, həmçinin “İnsanlar üçün şəhər: Bakı konsepsiyasına giriş”, “Bakıda həyata keçirilmiş layihələr və təşəbbüslər”, “Dayanıqlı şəhər inkişafı üçün Bakının vizyonu” mövzularında müzakirələr aparılıb.
Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib.
İştirakçılar ekoloji cəhətdən təhlükəsiz taksi xidmətləri, Bakıda mikromobilliyin genişləndirilməsi və perspektivlər haqqında da fikir mübadiləsi aparıblar. Həmçinin Bakıya gəlmək üçün 6500 kilometrdən çox məsafəni velosipedlə qət edən COP29 velosiped komandasının üzvü Giyem Otraj davamlılıq və iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşüb.
Sonda “Bakı şəhərinin inkişafı üçün növbəti addımlar” mövzusunda təkliflər irəli sürülüb. İştirakçılar dayanıqlı şəhər inkişafı sahəsində görüləcək işlər, innovativ həllər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media