Noyabrın 19-da Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan rəsmiləri ilə bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb.
Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib.
“Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzusunda keçirilən sessiyada FAO-nun Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, ÜHST-nin Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜST-nin Avropa üzrə Regional Ofisinin Yoluxucu xəstəliklər, ətraf mühit və səhiyyə üzrə direktoru Robb Batler və başqaları çıxış edib.
Onlar “Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyətinə toxunub, bu sahədə həyata keçirilən hər bir yeniliyin insan, heyvan və ətraf mühitin sağlamlığının qorunmasında müsbət dəyişikliklərə səbəb olacağına inandıqlarını ifadə ediblər.
Bizim.Media