Noyabrın 13-də ADA Universitetində "Deputatlar üçün İqlim Dəyişmələrinə dair Bələdçi” kitabının Azərbaycan dilindəki nüsxəsinin təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə deputat, COP29 üzrə Globe Parlament Çempionu Fariz İsmayılzadə, daha sonra isə "Globe İnternational"-ın rəhbəri Malini Mehra, Ekseter Universitetinin Yaşıl Gələcək üçün həllər üzrə direktoru Stüart Bröklhörstun, o cümlədən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış ediblər.
Böyük Britaniya parlamentinin Lordlar Palatasının partiyalar arası iqlim və təbiət qrupu olan "Peers for the Planet"-in sədri baronessa Helen Hayman və Ekseter Universitetinin prezidenti və vitse kansleri Liza Roberts isə virtual şəkildə qoşulublar.
Qeyd edək ki, tədbirdə xarici nümayəndələrlə yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Tamam Cəfərova və Nigar Məmmədova da iştirak edib.
Tədbirdə bələdçinin məqsədi, əhəmiyyəti barədə məlumat verilib. Həmçinin, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiriylə bağlı fikirlər səsləndirilib, iqlim dəyişikliyi, bir sıra ekoloji məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, “Deputatlar üçün İqlim Dəyişmələrinə dair Bələdçi” dünyanın iqlim üzrə 100 aparıcı aliminin çalışdığı Böyük Britaniyanın Ekseter Universiteti tərəfindən hazırlanıb. Bələdçi “Globe İnternational” tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq COP29-da təqdim olunub.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media