“COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Birinci xanım qeyd edib ki, dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir:
“Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.
Mən qeyd etmək istərdim ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik.
Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik”.
Bizim.Media