COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq “iTicket.az” platformasından əldə etmək mümkündür.
Bizim.Media xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələr üçün platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir.
Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri “iTicket” platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.
Bizim.Media