İlk peyvəndlər tibb işçiləri və həssas qruplara vurulacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Bizim.Media-ya müsahibəsində bildirib.
Qeyd edib ki, hazırda 200-ə yaxın namizəd peyvənd inkişaf mərhələsindədir. Bunlardan 42-i insan üzərində sınaqdan keçirilir. Təxminən 10-u üçüncü sınaq mərhələsinə keçib. Birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşıdakı 2 ay ərzində üçüncü mərhələyə daxil olacaq.
Geniş miqyaslı sınaq mərhələsinin nəticələrinin ilin sonunda gələcəyi gözlənilir. Məlumatlar əldə edildikdən sonra tənzimləyici orqanların peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirməsi lazım olacaq. Sonra təsdiq olunmuş peyvəndlərin istehsalına başlanılacaq.
ÜST nümayəndəsi bildirir ki, bütün mərhələləri nəzərə alsaq, ölkələrə ilk vaksinlər 2021-ci ilin ortalarında gəlməyə başlayacaq. İlk dozlar məhdud olacağından tibb işçiləri və yaşlı insanlar kimi həssas qruplar üçün təyin olunacaq.
Təranə Mirzəyeva, Bizim.Media