Allergik xəstəliklərin müalicəsi varmı? – Allerqoloq-həkimdən maraqlı AÇIQLAMALAR

Allergik xəstəliklərin müalicəsi varmı? – Allerqoloq-həkimdən maraqlı AÇIQLAMALAR

Hazırda oxunan: Allergik xəstəliklərin müalicəsi varmı? – Allerqoloq-həkimdən maraqlı AÇIQLAMALAR

163775

Son illər Azərbaycanda allergik xəstəliklər geniş yayılmağa başlayıb. Bu, əvəllər özünü yaz və payız fəsillərində müəyyən şəxslərdə göstərirdisə, indi bütün fəsillərdə əksər insanlarda müşahidə olunur. 

Bəs bu xəstəlik necə yaranır və müalicəsi varmı?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan allerqoloq-pulmonoloq Ramin Nərimanın sözlərinə görə, allergiya insanların hər hansı bir maddəyə verdiyi reaksiya ilə bağlıdır:

“Amma burada bir nüans var. Belə ki, sağlam insanlarda həmin maddələrə qarşı reaksiya yaranmır, immun sisteminin müəyyən cavab reaksiyalarında təhrif olunmalar varsa, yaxud da hər hansısa digər xəstəliklər nəticəsində orqanizm bəzi maddələrə reaksiya verməyə başlayır. Eyni zamanda, allergiya orqanizmdə hər hansısa orqan toxumasının zədələnməsi ilə müşahidə olunan bir haldır. 

Bir sözlə, allergiya immun cavab reaksiyasıdır. Sadəcə, immun reaksiya zamanı orqan zədələnmələri olmur və orqanizmə daxil olmuş yad maddələrə və viruslara qarşı çıxır, şiş hüceyrələrinin əmələ gəlməsinə imkan vermir. Amma allergik reaksiya elə bir immun cavab reaksiyasıdır ki, həmin vaxt orqan toxumalarımız zədələnir”.    

Bəs, allergiya niyə hər kəsdə yaranmır?

Müsahibimiz bildirdi ki, müasir təbabət elminə bu kimi sualların cavabı hələ də aydın deyil:

“Artıq bu gün bütün dünya üzrə allergik reaksiyaların artması müşahidə olunur. Hətta ABŞ-dan olan alimlərin verdiyi statistikaya görə, kliniki xəstəxanalara edilən müraciətlərin 30 faizə qədəri allergik xəstəliklərlə bağlıdır. Buna daha çox sənaye cəhətdən inkişaf etmiş ölkələrdə, sənaye müəssisəslərinin cəmləşdiyi şəhərlərdə rast gəlinir. 

Bunu belə şərh edirlər ki, həmin ölkələrdə sənaye və çirkli neft tullantılarının, eləcə də nəqliyyat vasitələrinin artması ilə bağlı atmosferin çirklənməsi baş verir və insanlar tənəffüs aldığı zaman orqanizmə daxil olur və tənəffüs yollarında allergik xəstəliklərin yaranmasına səbəb olur. Hətta havadakı çirkli tozlar bədənə hopur ki, bu da dəridə allergik və digər xəstəlikləri yaradır”. 

Allerqoloq, bu xəstəliyin insanlarda müxtəlif formalarda özünü büruzə verdiyini diqqətə çatdırıb:

“Belə ki, xəstəlik bəzi insanlarda qaşınma və ya boğulma ilə müşaiyət olunur. Bəzilərində allergik astma və ya rinit şəklində inkişaf edir. Bir qrup insanların göz nayihələrində qaşınmalar, yaxud apotik dermatik, atopik ekzema və s. dəri xəstəlikləri formasında əmələ gəlir. Əsas əlamətləri isə dəridə səpgi, qaşınma, dəri və selikli qişaların qıcıqlanması, boğulma, asqırma və digərləridir”. 

Həmin xəstəliklərin müalicəsinin olduğunu söyləyən həkim, burada bəzi nüansların olduğunu da diqqətə çatdırıb:

“Allergiya, xroniki xəstəliklər sırasına daxil olduğu üçün uzun müddət davam edir. Bu baxımdan da nəzarətdə saxlanılması, remissiya dövrlərinin əldə olunması və uzunmüddətli xarakter almaması üçün müalicəsi davam etməlidir”.

Həkim vurğulayıb ki, xəstəliyin növündən asılı olaraq, müəyyən fəsillərdə kəskinləşə bilir:

“Məsələn, allergik rinit hər hansı bir bitkinin tozlanması ilə bağlı olaraq, allergik astma da yaranma səbəbindən asılı olaraq müəyyən fəsillərdə hər an şiddətlənə bilir. Eyni zamanda, hansısa qida məhsulunun qəbulu nəticəsində yaranmış xəstəlik həmin qidanı qəbul edərkən yenidən ağırlaşa bilər”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO