“Dövrümüzdə hazır qidaları çox istehlak edirik. Bu baxımdan da əsasən uşaqlar icazə verilən qatqı maddələri dozasını aşmış olurlar. Bu bir çox hallarda sağlamlıq problemlərinə gətirib çıxara bilir. Məsələn, sintetik qida boyaları uşaqlarda hiperaktivliyi, nitrat və nitrit kimi qatqı maddələri xərçəng riskini artırır”.
Bu sözləri Bizim.Media-ya açıqlayan qida eksperti Asim Vəli bildirib ki, gün ərzində 50 qram kolbasa, sosiska kimi emal olunmuş ət məhsulu istehlak edən şəxslərdə bağırsaq xərçənginə yaxalanma riski artır.
MÖVZU İLƏ BAĞLI:
Tünd rəngli pəhriz çörəkləri xərçəngə SƏBƏB OLUR? – XƏBƏRDARLIQ
Müsahibimiz istifadə olunan qatqı maddələrinin 15%-dən çoxunun uşaqlarda allergiyaya səbəb olduğunu da diqqətə çatdırıb:
““Aspartam” kimi dadlandırıcılar isə miqren ağrılarını artıra bilir. “Patent blue V” (E131) DNT zədələnməsinə səbəb ola bilir. “Tartrazin” (E102) isə allergiyaya səbəb olur və hiperaktivliyi artırır. Qatqı maddələrinin bir çoxu GMO-lardan, bir qismi isə halal olmayaq qaynaqlardan əldə olunur. Bunlar bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən də sağlamlığımız üçün ciddi problemlərə gətirib çıxarır. Əgər sağlam və düzgün qidalanmaq istəyiriksə, qatqı maddələrini ciddiyə almalıyıq”.
Ekspert qatqı maddələrinin 4 əsas qaynaqdan, yəni bitki, heyvan, sintetik və mikrobiallardan əldən edildiyini qeyd edib:
“Ölkəmizdə İslam dininə etiqad edən insanların çoxluğunu nəzərə alsaq heyvan mənşəli qida qatqı maddələri barədə məlumat əldə etmək böyük önəm daşıyır. Qida qatqı maddəsinin əldə olunma qaynağına görə də halal olmaya bilir.
Məsələn, qliseril diasetat (E1517), qliseril distearat (E471), qliseril triasetat (E1518), qliserol (E422), polioksietilen sorbitan monooleat (E433), polisorbat 20 (E432), natrium stearol-2-laktilat (E481), sorbitan monolaurat (E493), stearil tartarat (E483), sukroqliseridlər (E474), triasetin (E1518), yağ turşuları (E570), yağ turşularının maqnezium duzları (E470(b)), yağ turşularının mono və diqliseridlərinin asetik turşu efirləri (E472(a)), yağ turşularının mono və diqliseridləri (E471), yağ turşularının poliqliserol efirləri (E475), yağ turşularının propan-1,2-diol efirləri (E477), yağ turşularının natrium, kalium və kalsium duzları (E470(a)) və s. kimi qatqı maddələri donuz yağından əldə edilibsə, bu qatqı maddələrinin istifadə olunduğu qidaların müsəlmanlar, həmçinin yəhudi dininə mənsub olanlar tərəfindən qəbul edilməsi düzgün deyil.
Bu baxımdan da bir müsəlman nə qədər donuz əti yemirəm desə də, qidalarımızda istifadə olunan donuzdan əldə edilmiş qatqı maddələri vasitəsilə ömründə ən az bir bütöv donuz yemiş sayılır”.
Rövşən Ziya, Bizim.Media