Səhiyyəmizdə BEYİN AXINI – Gənc həkimlərimizin xaricə üz tutmasının SƏBƏBLƏRİ

Səhiyyəmizdə BEYİN AXINI – Gənc həkimlərimizin xaricə üz tutmasının SƏBƏBLƏRİ

Hazırda oxunan: Səhiyyəmizdə BEYİN AXINI – Gənc həkimlərimizin xaricə üz tutmasının SƏBƏBLƏRİ

148239

Son vaxtlar Azərbaycandan xarici ölkələrə güclü beyin axını başlayıb. Beyin axını isə iki aparıcı sahədə daha çoxdur. Bunlardan biri İT, digəri isə tibb sahəsidir. Azərbaycan Tibb Universitetini bitirən tələbələrin böyük əksəriyyəti rezidentura üçün Avropaya üz tutur. Digər bir qism isə tibb sahəsi üzrə bakalavr təhsili almaq üçün gedənlərdir. 

İlk baxışdan bunu təhsilin inkişafı kimi dəyərləndirmək olar. Lakin, son nəticəyə baxanda görürük ki, bunun sadəcə geri dönüşü olmayan beyin axınıdır.

Təkcə 2022-ci ildə təhsilini davam etdirmək üçün  Azərbaycandan Almaniyaya 1432 tələbə gedib. Halbuki, 5 il bundan qabaq bu göstərici 2 dəfə az olub. 

Alman Tibb Assosiasiyasının təqdim etdiyi statistikalara əsasən 2017-ci ildə təxminən 603 həkim fəaliyyətini Almaniyada davam etdirib, 2022-ci ildə bu rəqəm 1432 nəfərə çatıb.

Bu o deməkdir ki, beş il ərzində 829 Azərbaycan vətəndaşı olan həkim fəaliyyətini Almaniyada başlayıb və ya davam edib. Hesablamalar göstərir ki, hər il təxminən 166 həkim ölkəmizdən Almaniyaya köçərək peşələrinə məhz burada davam edirlər. 

Nəzərə alsaq ki əksəriyyəti Tibb Universitetini bitirdikdən sonra Almaniyaya köçürlər, bu da o deməkdir ki, hər il Azərbaycan Tibb Univetsitetinin "Müalicə Profilaktika" fakültəsini bitirən ortalama 700 nəfərin 20-22%-i Almaniyaya üz tutur. 
Burda təəssüf doğuran məqam odur ki, xaricə gedən tələbələr əsasən Tibb Universitetini yüksək göstəricilərlə başa vuranlardır. Yəni savadlı həkimlər Azərbaycanda qalmaq istəmir.

Digər bir problemsə odur ki, təhsil dalınca gedən tələbələrin 90 faizi geri dönmək barədə düşünmür. Məhz bunun nəticəsidir ki, ölkəmizdə, xüsusən də regionlarda ciddi həkim çatışmazlığı yaşanır. Üstəlik, həkimlərimizin peşə hazırlığı və profesionallığı çox aşağıdır.

Təəssüflə deməliyik ki, Avropaya həkim axını üzrə hesabatda keçmiş SSRİ ölkələri üzrə ilk 3 ölkədən biri Azərbaycandır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib ki, Tibb Universitetinin sonuncu kurslarında oxuyanların əksəriyəti Avropaya üz tutur:

“Gənclərimizin böyük hissəsi Mərkəzi Avropa dövlətlərinə, bir qismi isə Türkiyəyə təhsil almağa gedir. Lakin təhsil dalınca gedənlərin çoxu sonradan geri qayıtmır. Nəticədə, ən savadlı gənc həkimlərimiz xarici ölkələrdə qalıb işləməyə üstünlük verir. 

Bunun da bir neçə səbəbi var. Əsası Tibb Universitetində təhsilin keyfiyəti çox aşağı səviyyədədir. Dünya universitetlərinin reytinqində bu Universitet heç ilk minliyə düşə bilmir. Tibb Universitetində bəzən 30-40 ilin dərsliklərindən istifadə edilir. Təhsilin metodikası zamanla ayaqlaşmır. 
Həkimlərin maddi rifah halı da çox aşağıdır. İstisna halları nəzərə almasaq, ölkəmizdə həkimlərin əmək haqqı və dolanışığı çox aşağıdır. Məsələn, ucqar rayonlardakı həkimlərin dolanışığını göz önünə gətirək. Heç şəhərlərdəki həkimlər də yaxşı dolana bilmirlər. Tibb bacılarının əmək haqqından isə danışmağa dəyməz”.

Aydın Əliyev onu da qeyd edib ki, ən dəhşətlisi də odur ki, həkimlər Tibbi Sığortadan alacaqlarını aylarla gözləməli olurlar:

“Üstəlik, TƏBİB həkimlərə qəpik-quruş verir. Məsələn, TƏBİB-dən 18 manatlıq tibbi sığorta ilə keçirilən müayinədən həkimə 1 manat 10 qəpik pul ayrılır. Bu çox acınacaqlı bir vəziyyətdir. Bir həkim gün ərzində neçə xəstə müayinə etməlidir ki, 20 manat qazansın?! 

Bizdə rezidenturaya daxil olan həkim 300-400 manat əmək haqqı alır. Unutmayaq ki, rezidentlər əsasən ailəli olurlar. 400 manatla ailə saxlamaq olar?!

Halbuki, Avropada rezidentlər 3 min avro maaş alır. Rezidentura müddəti artdıqca əməkhaqqıları daha da artır, hətta aylıq 5 min avroya qədər əməkhaqqı verilir. Bu gedişlə yaxın illərdə Bakıda da ciddi həkim çatışmazlığı yaşayacağıq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO