Plevra ağciyəri və döş qəfəsinin iç səthini örtən, çox incə qalınlıqda olan zarın adıdır. Bu zarların arasındakı boşluğa plevra boşluğu deyilir. Zarın yalnız iltihabına plevrit adı verilib. Lakin plevrada maye toplanması iltihab anlamına gəlmir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev bildirib.
Onun sözlərinə görə, iltihab çoxlu səbəblərdən biridir:
"Adətən mayenin toplanması yalnız iltihabla əlaqədar olmur, eyni zamanda digər səbəblərlə də bağlı maye toplanması baş verir ki, bunların da ümumi adı hidrotoraks və ya plevral effuziya da deyilir. Normalda plevra boşluğunda 10-20 ml maye var. Bu maye tərkibinə görə qan plazmasına bənzəyir, lakin daha az zülal tərkibinə malikdir. Maye artıq olduqda bunun səbəblərini araşdırmaq lazım gəlir.
Adətən ağciyər xəstəlikləri və ya ağciyərdən kənar orqanların xəstəlikləri maye toplanmasına səbəb ola bilir. Ağciyər xəstəliklərinə adətən birincili plevritlər, tuberkulyoz (vərəm) pnevmoniyalar, travmalar, ağciyər xərçəngləri, ağciyər arteriyaların trombemboliyası səbəb ola bilər.
Ağciyərdən kənar səbəblərə isə ürək çatışmazlığı, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, digər orqanların xərçənglərinin plevraya metastaz verməsi daha çox rast gəlinən səbəblərdəndir. Nadir hallarda revmatoloji, limfa sisteminin patologiyası, idiopatik plevritlər, əməliyyatdan sonra rast gəlinən formaları da mövcuddur.
Adətən 15-20 faiz hallarda xəstəlik asimptomatikdir və yalnız təsadüfi müayinə zamanı aşkar edilir. Amma mayenin yığılma səbəbindən asılı olaraq döş qəfəsində ağrı, öskürək, təngnəfəslik, boğulma hissi ilə müşahidə olunur.
Təbii ki, xəstənin şikayətlərini dinlədikdən sonra ağciyər rentgenografiyası, tomografiyası, plevral ultrasonografiya (USM) olunmaqla plevrit diaqnozunu təsdiqləmək mümkündür. Lakin səbəbini araşdırmaq məqsədilə əlavə müayinələrə ehtiyac duyula bilər ki, bunlardan da ən çox tətbiq olunan prosedur plevral punksiyadır (torakosentez).
Mayenin laborator analizinə əsasən diaqnozu təsdiqləmək mümkündür. Bununla yanaşı, qan analizi və digər instrumental müayinələrə ehtiyac ola bilər".
Həkim deyib ki, ilkin diaqnozdan sonra xəstəliyin səbəbi müəyyən etmək üçün ümumi terapevtik tədbirlər həyata keçirilir:
"Müalicə konservativ-terapevtik və cərrahi ola bilər. Terapevtik və ya diaqnostik məqsədlər üçün plevral punksiya həyata keçirilə bilər. Bəzən plevral qalıcı drenajlar və cərrahi prosedurlarla icra olunur. Bunlardan diaqnostik və müalicəvi torakoskopiyaları qeyd etmək yerinə düşər.
Plevral mayenin yaranma səbəbini aradan qaldırmaq mümkün olmadığı təqdirdə dəqiq dizqnoz üçün maye təkrar yığılır. Əgər plevral boşalma xəstəni ciddi şəkildə narahat etmirsə və qeyd etdiyimiz şikayətlərlə müşahidə olunmursa, o zaman cərrahi müdaxiləyə ehtiyac olmaya bilər. Lakin çox vaxt səbəbini araşdırmaq məqsədilə mayedən müəyyən qədər götürərək laborator təhlillərə göndərmək lazımdır.
Əgər xəstədə boğulma, öskürək, ağrı şikayətləri varsa, mayenin tamamən və ya hissəvi boşaldılması xəstənin yüngülləşməsi üçün faydalı ola bilər.
Adətən sahə həkimi və ya terapevtə müraciət edilmədilir, onlar da xəstəni müvafiq həkimə yönləndirir. Lakin pulmonoloq və torakal cərraha da müraciət etmək məqsədəuyğun sayılır. Əsas səbəb araşdırıldıqdan sonra həmçinin ftiziatr, kardioloq, nefroloq, onkoloq və digər ixtisaslı mütəxəsislərin fikirlərinin də öyrənilməsi tövsiyə olunur".
Bizim.Media
- A-
- A
- A+
COP29
11:14 / 14.07.2023
Ağciyərə su yığılması ilə bağlı həkimdən XƏBƏRDARLIQ
Hazırda oxunan: Ağciyərə su yığılması ilə bağlı həkimdən XƏBƏRDARLIQ
Hazırda oxunan: Ağciyərə su yığılması ilə bağlı həkimdən XƏBƏRDARLIQ
146170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.