“Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur”.
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat katibi Elnur Hidayətoğlu bildirib.
Onun sözlərinə görə ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir:
“Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır.
Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir”.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın isə sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir:
“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı zamanında tibbi müayinələrdən keçməyə çağırırıq”.
İlkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:
"Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa , müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”.
Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
11:38 / 03.03.2023
Bir ayda 613 nəfər ürək xəstəliklərindən dünyasını dəyişib - RƏSMİ
Hazırda oxunan: Bir ayda 613 nəfər ürək xəstəliklərindən dünyasını dəyişib - RƏSMİ
Hazırda oxunan: Bir ayda 613 nəfər ürək xəstəliklərindən dünyasını dəyişib - RƏSMİ
123566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.