Vərəm xəstəliyi yenidən qayıdır? – Xəstəliyin əlamətləri barədə həkimdən XƏBƏRDARLIQ

Vərəm xəstəliyi yenidən qayıdır? – Xəstəliyin əlamətləri barədə həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Vərəm xəstəliyi yenidən qayıdır? – Xəstəliyin əlamətləri barədə həkimdən XƏBƏRDARLIQ

106230

“Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Yəni, elə bir əlamət yoxdur ki, həmin əlamətə görə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Rafiq Bayramov bildirib. O, vərəm xəstəliyinin ilkin əlamətləri və müalicə üsullarından söz açıb.

- Vərəm xəstəliyinin əlamətləri nədir?

- Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Yəni, elə bir əlamət yoxdur ki, həmin əlamətə görə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək. Amma vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan nisbi patoqnomik əlamətlər mövcuddur ki, bu əlamətlərə axşamlar zəif subfebril hərarətin (37,2-37,4 °С) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir.

Bu xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər – 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir, çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür.

- Hansı halda bu xəstəliyə yoluxmaq mümkündür?

- Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur. Bu üsul ilə təkrar yoluxanlarda isə xəstələnmə daha az rast gəlinir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir.

- Hansı xəstəlikdən əziyyət çəkənlər risk qrupuna daxildirlər?

- Vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Amma risk qrupundan olan, yəni şəkərli diabet olan, hormonal preparatlar qəbul edən, ağır cərrahi, o cümlədən açıq ürək əməliyyatı, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, QİÇS, mədə-bağırsaq xəstəliyi, qidalanması, yaşayış şəraiti normal olmayanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu xəstəliyə daha çox tutulur.

- İnsanlar arasında vərəmin daha çox hansı növünə rast gəlinir?

- Vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsə də, orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür və praktik olaraq rast gəlinir. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, uroginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır.

- Müalicə zamanı nələrə diqqət edilməlidir?

- Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər erkən aşkar edilib düzgün müalicəyə tez başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara həssaslığın nəticəsindən asılı olaraq ən azı 4 vərəm əleyhinə preparatla birgə kompleks aparılmalıdır. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

- Yaxınları vərəmdən əziyyət çəkən şəxslərə məsləhətiniz nə olardı?

- Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən, müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Ona görə də, vərəm xəstələrinin yaxınları onların müayinə və müalicədən yayınmamaları üçün çalışmalı və psixoloji sıxıntıların aradan qalxmasında dəstək olmalıdırlar. Eyni zamanda, vərəm xəstəsi ilə təmasda olan hər kəs profilaktik müayinəyə cəlb edilməlidir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO