Moderator.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) "Quşcuğaz, çiçəklər və bir nəfər" hekayəsini təqdim edir:
...Bir yaz axşamı idi. Yol kənarında qol-qanad açan meyvə ağacları dümağ çiçəklərə bürünmüşdü. Aşağı əyilən budaqlar ağ saqqallı qoca kimi ağacların gövdəsini qucaqlamışdı.
Qəfil şiddətlənən külək havada burum-burum buruldu. Mavi səma tünd rəngə boyandı. Budaqlar küləyin təsirindən, ya qorxudanmı əsməyə başladı. Ağac başındakı ağ çiçəklər bir-birinə sığınıb qaşlarını çataraq ətrafa göz gəzdirdi. Hava get-gedə coşur, külək özü ilə gətirdiyi tozanağı çiçəklərin gözlərinə doldururdu. Çox keçmədi ki, tozanaq çırpanağa, sonra da doluya çevrildi. Sanki dolunun fikri ağac başındakı çiçəkləri qoparıb yerə tökmək idi. İmana-dinə gəlməyən dolu qələbəsindən daha da qürrələnir, ağac başındakı zərif çiçəkləri qoparıb yerə tökürdü.
Budaqlar arasında bir quş yuva qurmuşdu. Neçə gün idi yuvada kimsəsiz qalmış iki qumru balası analarını gözləsə də, bir səs-soraq yox idi. Yazıq quşcuğazlar haradan biləydilər ki, anaları düşmən caynağına tuş gəlmiş, onun qurbanına çevrilmişdi. Ac-yalavac qalan balalar taqətdən düşmüşdülər. Ab-havanın belə dəyişməsi də öz gücünü göstərmiş, çiçəklərlə bərabər yuvanı dağıtmış, balaları yerə çırpmışdı.
Ətraf sanki qaranlığa bürünmüşdü. Göz gözü görmürdü. Bir nəfər səndələyə-səndələyə oradan keçirdi. Kefdən qayıdan bu adam lül-qənbər idi. Bir əli irəlidə, biri geridə dalğalarda atılıb-düşən qayıq kimi ləngər vururdu.
Çiçəklərlə bərabər yerə düşən quşcuğaz da onun qurbanı oldu. Adamın ayaqları altında qaldı. Bir qıçı sındı, amma ölmədi.
Səhər dan yeri söküləndə hava sakitləşdi. Küləyin təsirindən yerə tökülmüş çiçəklər arasında quşcuğaz nəfəs alırdı. O yaşayacaqdı. Amma küçənin başında sərxoşluqdan yıxılıb qalan bir nəfərin ürəyi partlamış, dünyasını dəyişmişdi. Qoltuğundakı qovluqdan yerə düşən qələmdən yazı-pozu adamına oxşayırdı... Kim bilir, bəlkə də şair imiş... Bir quşcuğaz, yerə tökülən çiçəklər onun ayaqları altında qalsa belə, heyif ondan, çox heyif. Vaxtsız öldü...






























































































