"Üsyanım var"- Adilə Nəzər

Hazırda oxunan: "Üsyanım var"- Adilə Nəzər

94896








ADİLƏ NƏZƏROVA




 

Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində dünyaya gəlib.

1 elmi əsərin, 4 şeirlər kitabının, 25 elmi məqalənin  müəllifidir.

AR Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantıdır.

 

                   * * *

Bir dərd evim vardır ”“ sakini tək mən,

Küləklər sovurar, açar qapımı...

Hər gecə bir şeir enər qeybdən,

Döyər pas bağlayan naçar qapımı...

 

ÜSYANIM VAR

 

Mən Allahın yorğun səsindən var olmadım ki...

Niyə yalanlarla uyudub,

günahlarla kəfənlədilər məni?

Ayıq düşüncələrimin səsini

yuxulu hadisələrlə batırdılar...

Səadətin bir addımlığında üzüntülər sıxdı əlimi.

İtgin azadlığımı axtarıb tapmaq,

darixan qalibiyyətimi öpmək üçün

çırpındım hər yerdə.

Qurd oldum dağda, dərədə...

 

Mən Allahın yorğun səsindən var olmadım ki...

Bəs niyə addımlarını sürüklənən yolçu oldum?!..

Qıyılan gözlərim sürgün talelər ölkəsidir -

qorxuram gözlərimdən...

Gündüzlər yalanların doğru baxışından,

gecələr sözlərin hücumundan qorxuram.

Ovcumda sıxdığım duyunlər

qan çiçəkləri tək süzülür barmaqlarımın arasından...

 

Ey parlayan kabuslar!

Siz dünyanın təntənəsindən,

mən Allahın yorgün səsindən var olmadım ki...


 

NƏ VAR


Əzizim elə belə,

Söz gəzir dildən-dilə.

Biz yaz düşdük müşkülə,

Payızdı, bağda nə var?...

 

Nadanın yol əlində,

Yalanı bol - əlində.

Yığdığı sol əlində,

Nə bilir sağda nə var?

 

Bayatın tutdu məni,

Yaman oynatdı məni.

Dərinə atdı məni ”“

Qaragün, ağda nə var?...

 

Əzizinəm, ha dindir,

Eşq imandır, həm dindir.

Qələm ol, qəlbi dindir ”“

Gör ki varaqda nə var”¦

 

MƏHƏBBƏT ŞEİRİ

 

Qələm qırıb qəfəsini,

Yazır məhəbbət şeiri.

Bu axşam tər nəfəsilə

Yazır məhəbbət şeiri.

 

Dünya-aləm sevgi dolu,

Açılıb könlümün yolu.

Dil-dil ötən bir bülbülü

Yazır, məhəbbət şeiri.

 

Qəlbim oda yanır hərgün,

Gözlərim yoluna sürgün.

Əlim nə soyuq, nə yorğun,

Yazır məhəbbət şeiri.

 

Övunubdu ahın özü,

Yada düşüb Şahın özü,

Göydə də Allahın özü

Yazır məhəbbət şeiri.

 

 

DARIXDIM


Mənə bir nəğmə oxu ”“ darıxdım...

Qurtar məni sıxıntıdan,

dünən getdiyim yoldayam hələ də...

karıxdım...

Keçmişimdən ”“

bir gənc qızın yetim səsindən,

bir nəğmə oxu ”“

lap ahəstəsindən...

Mənə bir nəğmə oxu ”“ darıxdım...

 

Göy üzündən,

dəniz mavisindən,

bu dünyanın soyuğundan, istisindən...

Bu günümdən ”“

gücsüzlüyümdən,

ümidsizliyimdən sabaha baxdım...

Mənə bir nəğmə oxu ”“ darıxdım...

 

Od yanır sinəm altında ”“

qar ol, yağ, bir az üşüt.

Donuram, Günəş ol,

bir az isit...

Bulud oldum,

doldum gözlərinə neçə ildir,

axdım, axdım...

Mənə bir nəğmə oxu ”“ darıxdım...

 

QORXUDUR

 

Çox qulun haqqını yeyən,

Vicdan nədir heç bilməyən...

Sənə tamahkarsan deyən,

Məni günahla qorxudur.

 

Xəbis niyyətin sezdirən,

Haqlını candan bezdirən,

Qoltuqda kələk gəzdirən,

Məni sabahla qorxudur.

 

İslam deyib özün didən,

Masona satqınlıq edən,

Siyasətə qurban gedən

Məni Allahla qorxudur.


YAŞA BU DUNYADA

 

Adəmoğlu, olma naşı,

Yaman olur aqlın caşı...

Yamanlığa at ki daşı ”“

Yaxşılıq səndən olmasın.

 

Sən də milyonlardan biri,

Kim xeyirdən donub geri?

Elə davran, elə yeri,

Dost-tanış gozdən salmasın.

 

Omur bir dəftərdir ada,

Atma oda, vermə bada.

Elə yaşa bu dunyada,

Bir vərəqin ağ qalmasın.

 

NALƏM YARDAN ÖTRÜDÜR

 

Axar sular şəffaf idi, duruydu,
Bircə ovuc içim dedim,- qurudu.
Mən Eşq xəstəsiyəm, -desəm yeridi,
Sağalmaq istəyim sovuşdur, Allah!

 

Görən kim qarğıyıb, nədir günahım?
İçimi dağlayır sədasız ahım.
Özümdən uzaqda yoxdur pənahım,
Özümə özümü yovuşdur, Allah!...

 

Sarılmaram Səndən ayrı yarağa,,
Şeir-şeir əriyirəm varağa,
Ölənədək salma Eşqdən irağa,
Toralsa gözlərim,- ovuşdur, Allah!

 

Məni şair edən Sevgi ətridir,
Başıma tutduğum həsrət çətridir,
Adiləyəm, naləm Yardan ötrüdür,
Məni öz yarıma qovuşdur, Allah!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO