Cinayət məsuliyyətinin ədalətli differensiasiyası pozulmuş cinayət hüquqi münasibətlərin bərpasının, ədalətin təmin edilməsinin bir hissəsini təşkil edirsə, digər bir hissəsini cinayət-hüquqi normanın düzgün tətbiqi, cinayət törətmiş şəxs haqqında ədalətli cəzanın təyini təşkil edir. Min illərdir ki, cəza və onun tətbiqi problemi təkcə dövlətləri deyil, həm də bəşəriyyətin işıqlı mütəfəkkirlərini, filosoflarını, yazıçılarını, hüquqşünasları və digər peşə sahiblərini düşündürən ən ciddi mövzulardan biri sayılır. Elmi-texniki tərəqqinin yüksək sürətlə inkişaf etdiyi müasir dövr də daxil olmaqla bütün tarixi dövrlərdə bəşəriyyətin cinayətkarlıqla mübarizədə cəzadan daha kəsərli və təsirli bir vasitə kəşf edə bilmədiyi etiraf edilir. Cəza cinayəti törətməkdə təqsirli olan şəxsə təkcə ağrı yetirmə və sosial ədalətin bərpasının vasitəsi deyildir, həm də cinayətkarlığın qarşısının alınmasında mühüm çəkindirici, qabaqlayıcı təsirə malik olan vasitədir.
Cəzanın anlayışı, növləri, törədilən cinayətə uyğun olması, düzgün icrası və s. bu kimi məsələlərin elmi-nəzəri cəhətdən uzun müddətli tədqiqat tarixi olsa da, bu gün də cəzanın sisteminin müəyyən edilməsi, cinayətlərə görə sanksiyaların qurulması, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın tətbiqi və sair məsələlər ətrafında çox ciddi elmi müzakirələr aparılır. Milli hüquq, fəlsəfə, sosiologiya, psixologiya, dinşünaslıq və digər elm sahələrində cəza problemi üzrə tədqiqatların sayının çox az olduğu da etiraf edilməlidir.
Belə bir şəraitdə hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası İlham Rəhimovun son illərdə Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində bir-birinin ardınca bu mövzuda «Cinayətkarlıq və cəza» və «Cinayət və cəzanın fəlsəfəsi» adlı iki sanballı monoqrafiyası çap olunmuşdur. Milli kökümüzə dərindən bağlı olan, əsl vətəndaş alim İ.Rəhimov dünyanın əsas elm dillərindən biri sayılan rus dilində nəşr olunmuş bu monoqrafiyalarını doğma azərbaycan dilində də çap etdirməklə milli hüquq nəzəriyyəsinə dəyərli töhfələr vermişdir. Hörmətli alimin bu il ana dilimizdə «Cinayətkarlıq və cəza» adlı əsərinin nəşri bu mənada təqdirəlayiq hadisədir.
Hər bir elmi tədqiqat öyrənilən hadisə və ya prosesin keçmişinə nəzər salınmasını, araşdırmada müntəzəmliyə, ardıcıllığa və sistemliliyə riayət olunmasını tələb edir. A.İ.Gertsen demişdir ki, keçmişi dərk etməklə biz müasirliyi aydınlaşdırırıq, olub keçənlərin mahiyyətinə dərindən yiyələndikcə gələcəyin mənasını başa düşürük, keçmişə baxaraq irəliyə gedirik. Professor İ.Rəhimovun adı çəkilən əsərində də cinayətkarlıq və cəza mövzusuna ilk olaraq tarixi aspektdə diqqət yetirilir, antik dövr filosoflarının yaradıcılığında, dini təlimlərdə, hətta sovet sosialist hüquq məktəbində bu mövzuya aid baxışlar ardıcıllıqla təqdim olunur.
Monoqrafiyada diqqəti cəlb edən vacib məqamlardan biri ondan ibarətdir ki, İ.Rəhimov hüquq elmləri doktoru olsa da, cəza problemini təkcə hüquqi aspektdə deyil, həm də fəlsəfi, sosioloji, psixoloji nöqteyi-nəzərdən tədqiq etmişdir. Müəllifin haqlı olaraq qeyd etdiyi kimi, cəzanın sistem xarakteri onu kompleks, elmlərarası problemə çevirdiyindən, təkcə hüquq elminin müddəaları ilə bu problemi tədqiq etmək düzgün deyildir. Bundan ötrü müxtəlif elmlərin, o cümlədən, fəlsəfənin, sosiologiyanın, psixologiyanın, pedaqogikanın, kibernetikanın ideyalarından, müddəalarından, metodlarından istifadə edilməsi zəruridir. Mürəkkəb hadisə olan cəzanın yalnız hüquq elmləri çərçivəsində öyrənilməsinə cəhd etmək perspektivsiz olacaqdır.
Müəllif «Cinayətkarlıq və cəza» əsərində cinayətkarlığın təbiəti, səbəbləri, antik dövrün filosoflarının cəza haqqında baxışları, dini təlimlərdə cəzaya münasibət, cəzanın məqsədi, mahiyyəti, növləri, ədalətli cəzanın təyini, cəzanın səmərəliliyi və s. bu kimi mühüm məsələlərə diqqəti yönəltmişdir. Cinayətkarın şəxsiyyətini səciyyələndirərkən sosioloji, bioloji və psixoloji amilləri kompleks halında nəzərə almağı tövsiyə etmişdir. Ç.Bekkariya, Ç.Lombrozo, E.Ferri kimi məşhur dühaların yaradıcılığını dərindən öyrənərək cinayət hüququ tarixində cinayət və cəzanın mahiyyəti ilə bağlı formalaşmış ayrı-ayrı məktəblərdə (maarifçi-humanist məktəb, klassik hüquq məktəbi, antropoloji məktəb, sovet sosialist məktəbi) cinayətkarlığın səbəbləri, cəzanın məqsədi, cinayətkarlıq ilə cəza arasında qarşılıqlı əlaqə, cinayətkarın şəxsiyyəti kimi problem məsələləri ətraflı araşdırmışdır. Cəzanın məqsədinin əvəz çıxmaq və ya əzab vermək deyil, təqsirkar
şəxs və qeyriləri tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq olduğunu söyləyən, dünyaca məşhur «Cinayətlər və cəzalar haqqında» traktatın müəllifi Çezare Bekkariyanın fikirlərini inkişaf etdirməklə cəzanın cinayətkarlığa qarşı mübarizədə məqsəd deyil, vasitə olduğunu göstərmişdir.
Cəza təyin edilərkən yalnız daxili inama, intuisiyaya arxayın olmaq olarmı? İ.Rəhimov haqlı olaraq intuitiv qərar qəbul edilməklə tətbiq edilən cəzanın baş verə biləcək nəticələrinin idrakının müvafiq məntiqə əsaslanmadan həyata keçirildiyinə, intuisiyanın çoxsaylı təsadüfi məqamlardan, hakimin, qanunvericinin peşəkarlığı, həyat təcrübəsi, dünyagörüşü və s. bu kimi subyektiv keyfiyyətlərindən asılı olduğunu, yüksək səviyyədə fərdi xarakter daşımasını, elmi nəzəriyyələrin qurulması və qiymətləndirilməsi üçün meyar olmamasını nəzərə almaqla yanaşı, ədalətli cəzanın təyin edilməsi üçün onun rolunu heçə endirməyin əleyhinə olan müəlliflərin mövqeləri ilə razı olduğunu ifadə etmişdir. Eyni zamanda o, cinayət hüququnda antropoloji təlimin əsasını qoymuş Ç.Lombrozonun bu fikirlərinə diqqətlə yanaşılmasının tərəfdarı kimi çıxış etmişdir ki, cinayətkarın şəxsiyyətini öyrənin ”“ fikir dağınıqlığı, mücərrəd şəkildə, sakit kabinetlərdə, kitab və nəzəriyyələrdə yox, həyatın özündə: həbsxanalarda, xəstəxanalarda, polis məntəqələrində, gecə qondularda, cinayətkar dəstələrdə, avaraların, fahişələrin, sərxoşların, ruhi xəstələrin içərisində öyrənin, onların həyatı, mövcudluğu şəraitində öyrənin. Onda siz başa düşərsiniz ki, cinayət təsadüfi hadisə, «qəddar iradənin» məhsulu deyildir, təbii və cəza ilə qarşısı alınmaz aktdır.
İ.Rəhimov cəzanın səmərəliliyinin xeyli dərəcədə onun tətbiqi nəticələrinin qabaqcadan görülməsindən asılı olduğunu qeyd etmiş və bu baxımdan proqnozlaşdırmanın rolunu yüksək qiymətləndirmişdir. Müəllifin haqlı mövqeyinə görə proqnozlaşdırma cinayət-hüquqi sanksiyanın qəbulundan tutmuş məhkəmə qərarının icrasınadək olan mərhələyə kimi olan dövr üçün cəzanın tətbiqi nəticələrinin qabaqcadan görülməsini nəzərdə tutur. Müəllif fikrini əsaslandırmaq üçün Jül Anri Puankarenin proqnozlaşdırmanın əhəmiyyəti ilə bağlı söylədiyi aşağıdakı məşhur fikri sitat kimi gətirir: «Qabaqcadan heç nəyi görməməkdənsə, mütləq dəqiqliyi ilə olmasa da, nəyisə görmək daha yaxşıdır». İ.Rəhimov təcrübəni
proqnozlaşdırmanın əsası kimi qiymətləndirmiş, eyni zamanda təcrübənin qanunverici, məhkəmə, cəza-icra orqanlarının proqnozlaşdırma fəaliyyətinə ehtiyacı olduğunu göstərmişdir. Bu orqanların təcrübədə yoxlanılmış proqnozları onun əsaslandığı biliklərin həqiqiliyini təsdiq edir. Ona görə monoqrafiyada cəza və proqnozlaşdırma nəzəriyyəsi qarşılıqlı əlaqədə tədqiq edilmiş, cəzanın tətbiqi nəticələrinin proqnozlaşdırılmasının prinsip və metodologiyası müəyyən olunmuşdur. Müəllifə görə C.Lombroza, E.Ferri və digər mütəfəkkirlərin dövründə proqnozlaşdırma, kibernetika, riyazi metodlar indiki səviyyədə inkişaf etmiş olsaydı, cəza haqqında təlim və cinayətkarlığa qarşı mübarizədə onun əhəmiyyəti xeyli dərəcədə dərin olardı.
İ.M.Rəhimov haqlı olaraq göstərir ki, qanunverici cinayət-hüquqi sanksiyaları qurarkən təkcə cinayətin ictimai təhlükəlilik dərəcəsinə qiymət vermir, həmçinin əhaliyə çəkindirici təsir göstərir. Qanunverici azadlıqdan məhrum etmə ilə bağlı cəza növünün müəyyən edilməsi zamanı aşağıdakılara diqqət yetirməlidir:
1) məhkəmənin cəza təyin edərkən fərdiləşdirmə imkanının genişləndirilməsi məqsədi ilə sanksiyalarda azadlıqdan məhrum etmə cəzasının sərhədlərinin genişləndirilməsinə üstünlük verilməlidir;
2) ehtiyatsızlıqdan cinayətin törədilməsinə və qəsdən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasının müddətlərinin maksimum aşağı salınması məqsədəuyğundur;
3) xüsusilə ağır cinayətlərə və xüsusi təhlükəli residivlərə görə azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması məqsədəmüvafiqdir;
4) ayrı-ayrı kateqoriya cinayətlərə azadlıqdan məhrum etmə cəzasının müxtəlif müddətlərinin tətbiqinin səmərəliliyinin eksperiment yolu ilə müəyyən edilməsi.
İ.M.Rəhimov azadlıqdan məhrum etmə cəzasının gələcəkdə də residiv və ağır və xüsusilə ağır cinayətləri törətmiş şəxslər üçün əsas cəza növü kimi qalacağını qeyd etmiş və haqlı olaraq perspektivdə qısa müddətli azadlıqdan məhrum etmə cəzasından imtina ediləcəyini göstərmişdir. Müəllifin haqlı mövqeyinə görə proqnozlaşdırma, kibernetika kimi elmlərin müasir
nailiyyətlərindən xəbərdar olduğumuz indiki vaxtda cəzanın səmərəliliyinin artırılması məqsədilə onlardan istifadə olunmaması cəzanın «təqsiri» deyildir. Buna görə də cinayətkarlıqla mübarizədə cəzanın deyil, cəmiyyətin «böhranından» bəhs edilməsinin daha düzgün olduğunu qeyd edir.
Bu gün Azərbaycan hüquq elminin dünya, Avropa elm məkanına çıxarılması hüquqşünas alimlərimizin qarşısında duran ən mühüm vəzifələrdən biri sayılır. Sovet dövründə İ.Rəhimov da daxil olmaqla tək-tük hüquqşünas alimlərimizin bu sahədə mühüm xidmətləri olsa da, müstəqilliyimizin bərpasından sonra bu işin xeyli zəiflədiyi etiraf edilməlidir. Lakin professor İ.Rəhimov bu yolu yenidən açmağa müvəffəq oldu. Müəllif əsərlərini təkcə geniş oxucu auditoriyasına malik Rusiya və Türkiyədə çap etdirməklə kifayətlənməmişdir. Bu yaxınlarda onun əsərlərinin dünyanın inkişaf etrmiş dövlətlərində ingilis, italyan, çin və ibrani (ivrit) dillərində də nəşr olunması gözlənilir.
Respublikamızın tanınmış hüquqşünası İ.Rəhimov fundamental tədqiqat əsərləri ilə cinayət hüquq elmini yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan alimlərimizdəndir. Şübhəsiz, bütün bunlar onun uzun illər boyu yorulmaz və səngiməyən zəhmətinin nəticəsidir. Ən çətin iş işə başlamaq sayılır. Çin atalar sözündə deyildiyi kimi, min illik bir yol bir addımla başlayar. İlham Rəhimov artıq bu yolu başlamış və müvəffəqiyyətlə davam edir. Hörmətli professor, yolunuz uğurlu olsun! Azərbaycan xalqını, onun elmini dünya miqyasında tanıdan görkəmli hüquqşünas alim olaraq Sizə dərin minnətdarlıq hisslərimizi çatdırmaqla yanaşı, bu çətin, lakin şərəfli işdə daha iti zəka və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Sakit Hüseynov,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri,fəlsəfə üzrə elmlər doktoru
Nazim Əliyev,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi,hüquq üzrə fəlsəfə doktoru, dosent































































































