Şair Nəriman Zeynalzadənin bir neçə şeirini Moderator.az oxucularına təqdim edirik:
Anamın məzar daşı
Buz kimi
Dodağıma yapışdı.
Bir vaxt
Bu məzar daşında
Əllərim yanmışdı.
Kirpiklərini qırpmadan
Daş gözləriylə
Mənə baxır.
Mənimsə göz yaşlarım
Anamın
Daş sinəsinə axır.
Gör neçə illərdi
Ayrıdı anam məndən,
Mənsiz darıxır.
Gəlişim
Anamın ürəyinə damacaq.
Bu gün anamın
Məzarı damacaq.
29.06.2014
QAYIDIRAM
Yola saldılar, qarşılandım,
Gəldiyim yolu bir qarış andım.
Nə satandım, nə alandım,
Yol gəlib, yol azmışam,
Qayıdıram.
Alnıma nə yazılmış,
Yazılan tərs yazıymış,
Yol gəlib, yol azmışam,
Qayıdıram.
Keçib düzü, dağa gəldim,
Yarı sola, sağa gəldim,
Hansı vaxta, çağa gəldim,
Yol gəlib, yol azmışam,
Qayıdıram.
Dar gəldi mənə dünya,
Kar gəldi mənə dünya,
Axı bu nəmənə dünya,
Yol gəlib, yol azmışam,
Qayıdıram.
05.10.2014
DƏRDİMƏ ALIŞ MƏNİM
Ota, daşa, torpağa,
Göydə uçan quşa,
Yuva tikən qaranquşa,
Yuvasına,
Yavrusuna
Dəyişdir məni,
Dəyiş məni.
Dəyişə bilməsən,
Məndən gedə bilməsən,
Dərdimə alış mənim,
Dərdimə qarış mənim.
Dərdimə söykən,
Dayaq ol,
Dost ol,
Ortaq ol,
Otaq ol,
Dərdimin dərdinə
Yataq ol,
Dərdimə alış mənim,
Dərdimlə barış mənim.
31.07.2014
ÜSTÜMƏ AXŞAM GƏLİR
Məni bu küçədən
Daşıyan olsaydı,
Daşınıb gedərdim.
Məni bu küçədə
Daşlayan olsaydı,
Əlindən
Daşını alıb gedərdim.
Məni bu küçədən
Qovan olsaydı,
Qovulub gedərdim.
İçimdən
İçin-için
Qovrulub gedərdim.
Küləklər qanadında
Qov olub gedərdim.
Başqa bir yerə
Yol alıb gedərdim.
Neyləyim ki,
Hamı mən gündədir.
Səhər gedib
Axşam gəlir.
Dönəndə bu küçəyə
Üstümə axşam gəlir.
17.07.2014
VAÄžZALI ƏLİNDƏN TUTUB APARIR
"Bəxtəvərlik" qonub o ağ donuna,
Vağzalı əlindən tutub aparır.
Baxıram o axan göz yaşlarına,
Gedişin sinəmdən ürək qoparır.
Əllərim çatmayan gəlinliyini,
Külək əlləriylə sənə bürüyür.
Durub dayanmışam, sənsə gedirsən,
Gedişin mənimlə an-an böyüyür.
Dolanır boynuma getdiyin yollar
Qıvrıla -qıvrıla, bu nə ayrılıq.
Bir vaxt dolanardı boynuma qollar,
İndi sən də, mən də yadıq, ayrıyıq.
"Bəxtəvərlik" qonub o ağ donuna,
Vağzalı əlindən tutub aparır.
Baxıram o axan göz yaşlarına,
Gedişin sinəmdən ürək qoparır.
23.06.2014
APARIR
Çıxmışam daş-kəsək kənd yollarına,
Gedirəm, yolların tozu aparır.
Yollara boylanan kənd qızlarının
Oğrun-oğrun baxan gözü aparır.
Çətin olar, bir də dönəcəyim də,
Mənim budur elə görəcəyim də,
İllərlə geydiyim pencəyimin də,
Yapışıb qolumdan bozu aparır.
Qaldıra bilmədim hər əyiləni,
Mən yeyə bilmədim hər yeyiləni,
Götürə bilmədim hər deyiləni,
Yalanı saxlayıb düzü aparır.
Eşq sevdasıdır qəlbinə dolan,
Kənddə havalanıb, bu dəli olan,
Özüylə götürüb bu dəli oğlan
Vallah, beş-on dənə sözü aparır.
20.06.2014































































































