Nə var ki...
Zirvələrdə qara dönmək çətindi
Bulud kimi boşalmağa nə var ki?
Qaya ol ki, qartal qonsun başına,
Səhralarda daş olmağa nə var ki...
Aşiq olan çəkər nazı naz kimi,
Təpər olsa qarı gəzər qız kimi.
Saxlayasan təravəti yaz kimi,
Vaxt vədəsiz qocalmağa nə var ki?
Könül gərək məhəbbətdən güc ala
Sevən ürək sevə-sevə qocala.
Oğul odur düşməniylə öc ola
Öz ömründən bac almağa nə var ki?
Qeyrətsizin öyülməsi çətindir
Nahaq sözün deyilməsi çətindir.
Ucaların əyilməsi çətindir,
Əyilməklə ucalmağa nə var ki?..
Şəmsi Qoca































































































