Ustad şair Ramiz Rövşənə ad günü töhfəsi
 - Ağ paltarlı qadın

Ustad şair Ramiz Rövşənə ad günü töhfəsi - Ağ paltarlı qadın

Hazırda oxunan: Ustad şair Ramiz Rövşənə ad günü töhfəsi - Ağ paltarlı qadın

119016
Yer, uşaq gözləyən gəlin kimidi

Tökür saçlarını qara kölgələr,
Bir parça ağ gətir tük qoymaq üçün.
Yer, uşaq gözləyən gəlin kimidi,
Ətəyin uzadır yük qoymaq üçün.

Mən də çox tapdadım bu xəstə ruhu,
Elə tapdadım ki, kürəyin əzdim.
Xatasız ov kimi güddüyüm qızın,
Gündə neçə kərə ürəyin əzdim.

Ömür quyu deyil, eşqi ip sanıb,
Canı addımbaşı dərdə sallayım.
...Bu qız çat salacaq şüşə ömrümə,
Gedim, gözlərimə pərdə sallayım...

***

İki şeytan,
hərəsinin əlində bir süngü
oturub qabaq-qənşər
nərd atır.
Bir kişi də
əllərinin qabarını deşə-deşə
uşağının pul qabına dərd atır.

***

Ruhumu dincə qoydum
könül limanına yaxın düşə bilməkçün;
təzə sevdalar dövr elədi başımda.
İndi, mən sənin ürəyini şüşə bilməkçün
köhnə xatirələrə elçi daşımı olmalıyam?!
Bəlkə bağlayasan 
hicran yanğılarına açdığın qapıları?
Mənim eşq çəpərindən aşmaq marağım yox.

***

Ömür yanımdan ötür,
Bir kölgə, bir fon kimi.
Arzular çəp görünür,
Sonuncu vaqon kimi.

Deyən, dərdə xoş gəlir,
Sifətimin ağlığı.
Nə qədər gözləyəcəm,
Burax bu uşaqlığı.

Ürəyin ağ varaqdı,
Bir kəlmə yaz, uzat, qız.
Mən gəlməyən yollara, 
Gözünü az uzat, qız.

Domino daşlarına ağı

Mən də üzü dağlara köç etmişəm nə vaxtsa,
Şeytan, görüb mağmınam, boğub məni biçarə.
Anamın əllərindən alıblar dördün ağın,
Dörd uşağın dalınca doğub məni biçarə.

Mən Allaha əl açıb dua eləmədikcə,
Dərd-sər mənim canıma yumruqdan iri düşüb.
Hər dəfə də dostlarla domino oynayanda,
Nədəndisə, bəxtimə ikinin biri düşüb.

Üçqoşatək dayanıb əcəl hər gün önümdə,
Nə ruh dözmür, nə bədən, kimi çəkim dara mən?
Üçün biri kimiydi dadmadığım o həyat,
Üçün ağı görünür baxıramsa hara, mən.

Can yandırmaq günahmı, canın günahı yoxsa?
Hər gözələ xas olmur Əslitək yağı olmaq.
Bu qədərmi çətindi sevmədiyin qadınla,
Adam kimi dil tapıb ikinin ağı olmaq?

Qarşı düzlər xal salıb yenə də birqoşatək,
Geri çəkir zamanın toru məni, İlahi.
Ağın ağı olmağın xeyri yoxdu adama,
Birin ağı olmaqdan qoru məni, İlahi!

Ağ paltarlı qadın

Ustad şair Ramiz Rövşənə ad günü töhfəsi

Sən ağ paltar geyəndə elə bildin qəm ağdı,
Dünya bəxti korlarçun meşədimi, qadası?
Sən, bir məni başa sal, tək qalanda, qadına
Kişi üçün ağlamaq peşədimi, qadası?

Noolsun, ağ duvaqda görürlər səni, qadın,
Ağ bəxtinin üstünə qara çəkib pərilər.
Çox dedilər, inanma, sevgi yoxdu, inandın,
Öz əlinlə özünü dara çəkib pərilər.

Həyata uşaq kimi göz açandan zarıdın,
Allah bilir qarşıda nə gözləyir, keç, səni.
Saçlarını süpürgə elədin öz ərinçün,
Öz ərin də sevgiyə bürümədi heç səni.

Tale səfil rəssamdı, əzabını çəkməkdən,
Baxıb, baxıb kağızı bulayacaq, əzizim.
Sən öləndə, sanma ki, çiçək alıb bir kişi
Göz yaşıyla qəbrini sulayacaq, əzizim.

Gül yerinə ərindən yumruq yedin həmişə,
Ondan qalan hissləri uşaq kimi döy, kiri.
Ürəyinin başına yara salan kişinin
Hər gün otur qəbrinin qırağında söy, kiri.

Lal duyğular adama yol göstərir, görmürük,
Bir az sevgi olaydı kaş, ürəkli adamda.
Düşünmə ki, qadınsan, sevəcəklər nə vaxtsa, 
Sevgi gəzmək əbəsdi daş ürəkli adamda.

Bəzən özün, bəzən də adın yaradı işə,
Hər sağlığa atılan pul eləmə özünü.
Sanacaqlar, eh, sən də min öləndən birisən,
Yalan yerə sevgiyə qul eləmə özünü.

Allahdan başqa kim var ürək açıb sevəsən?
Saçlarını ağardıb dən, ağ paltarlı qadın.
Sanma, qəbrin nə vaxtsa damacaq göz yaşından,
Ta ayrı cür qəm elə, sən, ağ paltarlı qadın.

***

Kasıbın işi
xəcalət tərinə bulaşa-bulaşa
yoxluq adlı odun üstünə
sac qoymaqdı...
Günah da,
bir qadına şəhvətlə baxmaq deyil,
evdə uşaqları ac qoymaqdı...


***

Kirayə həyatı bəzən düşüncəsizlik nağılı kimi olur...

Hava çəkir xatirələr qapısız evtək,
Mən ruhumun nazı ilə az oynayıram.
Duyğularım xəlbir kimi deşik-deşikdi,
Həyat mənə toy tutanda, saz oynayıram.

Uşaq yaşım ötüb keçdi, böyüdüm guya, - 
Ora-bura diyirləndim yəni top kimi.
Bir gün məni yük elədi özünə şəhər,
Kirayələr atdı-tutdu məni top kimi.

Çox vaxt susdum, səbrim daşdı, dəli olmadım,
Anam haqdan neçə dua asıbdı deyə...
Mən dünyaya gəlmədim ki, kirayə qalım...
Atamı da qınamadım kasıbdı deyə...

...Aydan-aya təpə aşır kirayə haqqı,
Adam bilmir, göyə çıxsın, ya dama, oğul.
Dualar da kara gəlmir özgə evində,
Özgə evdən ocaq olmur, adama, oğul.

Allahından uzaq düşür adamlar burda,
Dada çatmır on kitablıq bir ayə, evdə...
...Qonşuluqda bir nazənin ölür, nə fayda,
Ağlamaq da yasaq olur kirayə evdə.

...Çox görmüşəm, toylar susub özgə evlərdə,
Qır damından qopub düşüb şeh, “Vağzalısız”x9d.
Aşıqları evə qoymur ev sahibəsi,
...Qonşu qız da gəlin köçür, eh, “Vağzalısız”x9d.

Əvvəlindən bu həyat da bir təmənnadı,
Günahını qopart bir-bir, ver, ağırlaşır...
Dünya özü səhv tikilmiş kirayə evdi,
Mini gəlir, mini gedir, yer ağırlaşır...

Hikmət Məlikzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO