Bir neçə gün əvvəl Krım körpüsü təxribat nəticəsində partladıldı. Nəzərə alaq ki, bu körpü Rusiya ilə Krımı birləşdirən yeganə körpüdür və 2018-2019-cu illərdə inşa edilib.Beynəlxlaq aləmdə böyük səs-küyə səbəb olan bu partlayışın arxasından qəribədir ki, 26 yaşlı azərbaycanlı sahibkar “çıxdı”. Beləki, körpüdə partlayan yük maşınının sahibi əslən Azərbaycandan olan Samir Yusubovdur. Maraqlıdır ki, bu xəbəri ilk tirajlayan Ukrayna mətbuatı oldu. Rusiya mətbuatı isə bu məsələnin üstünə çox getmədi.
Sonradan azərbaycanlı iş adamı Samir Yusubov Rusiyanın Teleqram kanallarında yayılan müraciətində bildirdi ki, Krım körpüsündə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Yük maşını onun adına qeydiyyatda olsa da, həmin avtomobili əmisi Mahir Nəsib oğlu Yusubov işlədir. O da bütün həyatıboyu yük daşınması ilə məşğul olub".
Ötən günsə “New York Times” nəşri xəbər yaydı ki, Krım körpüsünü Ukraynanın xüsusi xidmət orqanları partladıb. Bunun ardınca rəsmi Moskvadan da xəbər gəldi. Prezident Vladimir Putin bəyan etdi ki, Krım körpüsünün partladılması planı Ukraynada hazırlanıb. Və xüsusi xidmət orqanlarının əli ilə həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Ekspertlərdən Krım körpüsü haqda: "Gizli təxribatın şah əsəri"
Bəs, Ukrayna ilə Rusiya arasında gedən ideoloji, diplomatik və hərbi müharibənin ortasında birdənbirə azərbaycanlı sahibkarın terroçu kimi təqdim edilməsi kimlərin işinə gəlirdi?
Sualın cavabı üzərində o qədər də baş sındırmaq lazım deyil. Hər kəs bu təxribatın Qərb tərəfindən təşkil edildiyini yaxşı bilir. Amma məhz azərbaycanlının avtomobilində bu təxribatın həyata keçirilməsi xüsusi məqsəd daşıyır. Çünki, son illər Rusiya-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Və artıq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Bu da Qərbdəki bəzi qüvvələrin ürəyincə deyil. Ona görə də Ukrayna-Rusiya müharibəsinin indiki həssas dönəmində Azərbaycan kartı məqsədli şəkildə ortaya atılıb. Niyyət də ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri korlansın, Rusiyada yaşayan soydaşlarımıza inam sarsılsın və onların ölkədən çıxarılması məsələsi gündəmə gəlsin.
Lakin, Qərbin bu bəd niyyəti ürəyində qaldı. Rusiya azərbaycanlı sahibkarı zərərgörən tərəf kimi tanıdı. Və təxribatın haradan qaynaqlandığı da açıq aydın söylənildi.
Surxay Atakişiyev, Bizim.Media