Avropanın müasir XAÇ YÜRÜŞÜ – Erməni sevdasının arxasındakı DİN FAKTORU

Avropanın müasir XAÇ YÜRÜŞÜ – Erməni sevdasının arxasındakı DİN FAKTORU

Hazırda oxunan: Avropanın müasir XAÇ YÜRÜŞÜ – Erməni sevdasının arxasındakı DİN FAKTORU

97811

Ermənilərin 44 günlük Vətən müharibəsi başlayandan bəri bütün dünyada “əzilən xalq” imici yaratmaq cəhdləri, sentyabr təxribatlarından sonra yeni mərhələyə qədəm qoydu. Artıq Ermənistan, lobbi bütün fikirlərini beynəlxalq arenada Azərbaycanı qaralamağa yönəldiblər. 

Erməni mikrofonunu tutan əllər dəyişsə də, gələn səs, deyilən söz eyni qalır. Bu dəfəki əl isə Avropa Parlamentinin üzvü Tom Vandendrisşe olub. Belçikalı biznesmen-siyasətçi Vandendrisşe Azərbaycana qarşı olduqca radikal fikirlər səsləndirib:
“Xristian Ermənistan Azərbaycan tərəfindən şiddətli hücuma məruz qalır. Fon der Leyen azərbaycanlılardan qaz dilənməyə başlayandan Avropa İttifaqı başqa tərəfə baxır. Kimlik və Demokratiya qrupumuzun nümayəndə heyəti ilə birlikdə biz Avropa Parlamentində simvolik aksiya ilə Ermənistana dəstəyimizi nümayiş etdiririk”.

Tanış ritorikadır, deyilmi? Yenə də, din kartı, yenə də Azərbaycan qazı...

Azərbaycanla Avropa İttifaqı enerji əməkdaşlığına dair sazişi imzaladıqdan sonra Ermənistanın Avropa siyasətində “qaz” kartı aktiv istifadə olunmağa başladı. Həmin sazişdən sonra suyu isinməyə başlayan Ermənistan hər vəchlə Azərbaycana qarşı diasporun da dəstəyini alaraq kampaniyaya start verdi.

Lakin bu istiqamətdə əlləri boşa çıxır, çıxmaqda da davam edəcək. Çünki Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də Avropanın Azərbaycanla əməkdaşlıqda nə qədər maraqlı olduğu aydın şəkildə görüldü.

Avropa Parlamenti deputatın din kartından istifadəsi isə daha çox ikrah doğurur. Bu ritorikanın tarixi isə 10 əsr əvvələ, ilk səlib yürüşünün başladığı vaxtlara dayanır.

İrəvanı Qüds, Ermənistanı “müqəddəs torpaq” seçən Vandendrisşe də səlibçilik oyunu oynamağı seçib. Açıq-aşkar dini ayrıseçkilik nümunəsi göstərən “multikulturalizm abidəsi” orta əsr Papaları kimi danışır.

Lakin unutduğu çox məqamlar var.

Azərbaycan islam dövləti deyil, multikultural respublikadır. Azərbaycan-Ermənistan münaqişəsinin kökündə, nə də bu günündə din faktoru heç zaman ön planda olmayıb. Konflikt etnik bəhanələrlə, xarici güclərin erməniləri maşa kimi istifadə etməsi nəticəsində başlayıb, eyni ssenari ilə də uzun illər davam edib.

Yaxud da, Azərbaycanda heç vaxt xristinalığa, xrisitanlara qarşı ayrıseçkilik olmayıb. Əvəzində Ermənistanın xristianlığa vurduğu zərər daha çoxdur. Ən azı tarixi alban abidələrini saxtalaşdırıb, özününküləşdirməklə bunu ediblər.

Digər tərəfdən, Avropa parlamentarisinin bu mövqeyi köhnə qitənin Ermənistan-Azərbaycan münaqişəsinə baxış bucağının məhz dini faktorlarla bağlı olduğunu bir daha sübut edir. Görünür, 30 illik işğal dönəmindəki susqunluq, məscidlərin murdarlanması və dağıdılmasına laqeyd münasibətin də səbəbi məhz bu dünyagörüşü imiş. 

Deməli, illər boyu Avropada Ermənistanın Azərbaycana qarşı apardığı mübarizə də xaç yürüşü kimi görülürmüş. Biz də yanlış adamlardan ədalət gözləmişik.

Yaxşı ki, çox gözləmədik...

44 gün içərisində öz problemimizi özümüz həll etdik. İndi qalib bizik və mühakimə olunmuruq. Olunmayacağıq da. Çünki Avropanın bu gün Azərbaycana ehtiyacı var. Rusiyadan gələn kranlar bağlanıb və bəsit bir avropalı ailəsini Ermənistanın “xaç yürüşü” yox, qışı isti evində keçirmək maraqlandırır. 
Yəni, oğru bağırmağında olsun, doğrular dəyişəcək deyil. 

Amma ən azından bir daha sübut olundu ki, köhnə qitənin “xristian klubu”nda minillik din ənənəsinə sadiqlik davam edir, edəcək. Ona görə də, keşişlərin xeyir-duasına yox, öz gücümüzə güvənərək yolumuza davam etməliyik.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO