"ABŞ Dövlət Departamenti Vaşinqtonda Avropanın təhlükəsizliyi, enerji iqtisadiyyatı, ikitərəfli siyasi dialoq kimi mühim amilləri həll etmək və paytaxtda "ABŞ-Azərbaycan" sammitini təşkil etmək üçün dərhal Milli Təhlükəsizlik Şurası ilə işə başlamalıdır”.
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Amerikada yaşayan siyasi ekspert Piter Teys söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan icmasından ABŞ Konqresinə ÇAĞIRIŞ - Nensi Pelosinin davranışı ilə bağlı tədbir görülsün
Ekspert hesab edir ki, son olaylar zamanı yaranmış anlaşılmazlıq, Pelosinin Ermənistana səfəri zamanı buraxılmış boşluqlar təcili aradan qaldırılmalıdır:
"Azərbaycanla bəzi taleyüklü məsələlərin müzakirəsinə təcili başlanmalıdır. Bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən minatəmizləmə layihələri üçün maliyyə dəstəyinin artırılması da vacibdir. ABŞ bu mövzuda Azərbaycanın ən yaxın dəstəkçilərindən ola bilər".
Piter Teys həmçinin ABŞ-ın Bakıdakı səfirliyini Nensi Pelosinin İrəvandakı çıxışları ilə bağlı üzrxahlıq bəyanatı yayımlamağa çağırıb:
"ABŞ-ın Bakıdakı səfirliyinə ABŞ Dövlət Departamenti tərəfindən üzrxahlıq və Vaşinqtonun Azərbaycan Respublikasının tam ərazi bütövlüyünü müdafiə etmək öhdəliyini ifadə edən açıq mətbuat bəyanatı ilə çıxış etmək göstərişi verilməlidir. Bu günə qədər rəsmi Vaşinqton təəssüf ki, əsl müttəfiqlərlə dostluq əlaqələri qura bilməyib.
Azərbaycan Amerikanın müstəsna geosiyasi və coğrafi mövqeyinə əsaslanaraq regionda qeyd-şərtsiz müttəfiqdir, lakin Ağ Evin miyopik siyasəti mövcud təhlükəsizlik paradiqmalarını başa düşə bilmir və ona görə də bu sahədə yüksəlişlər əldə olunmur.
Spiker Nensi Pelosinin Azərbaycana qarşı təhqiramiz ifadələri ilə ABŞ hökumətinin icraedici hakimiyyəti arasındakı fərqi aydınlaşdıran bəyanat verilməlidir. Yəni göstərmək lazımdır ki, ABŞ prezidenti tərəfindən öz təsdiqini tapmadığı təqdirdə Nensinin bəyanatları heç bir əhəmiyyət kəsb etməyəcək".
Ekspert açıqlaması zamanı Vaşinqtonun atmalı olduğu addımlar sırasında Entoni Blinkenin Azərbaycana təcili səfərinin vacibliyi də var:
"Cənubi Qafqazda və Avrasiyada demokratik təsisatların qorunması istiqamətində düzgün qərarlar qəbul etmək üçün beynəlxalq hüququn və asayişin qorunması faktorlarını icra etmək lazımdır.
Eləcə də cənubi Qafqazda ABŞ-ın nüfuzunun artırılması, kəşfiyyat məlumatlarının toplanması məsələsində Vaşinqton aydın mövqe tutmalıdır. Nensi Pelosinin münasibətlərimizə zərər vuran səfərinin nəticələrini aradan qaldırmaq üçün dövlət katibi Blinken yaxın zaman içərisində Bakıya rəsmi səfər etməlidir.
Prezident İlham Əliyev və Azərbaycan xalqı ABŞ-a həmişə dost kimi baxıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerindən sülhsevər Azərbaycan xalqına və dövlətinə qarşı sərgilənən təhqiredici tərz biz Amerika vətəndaşları üçün dəhşətli bir xəcalətdir".
Leyla Şah, Bizim.Media