Vahid Ələkbərov Niderlandda gəmiqayırma zavodunu itirdi

Vahid Ələkbərov Niderlandda gəmiqayırma zavodunu itirdi

Hazırda oxunan: Vahid Ələkbərov Niderlandda gəmiqayırma zavodunu itirdi

76311

Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov iki super yaxtasının tikildiyi gəmiqayırma zavoduna tətbiq edilən sanksiyalara görə oranı tərk etmək məcburiyyətində qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.

Mənbə yazır ki, iş adamının 2008-ci ildə 100 milyon avroya aldığı gəmiqayırma zavodunun hansı şəraitdə müstəqil fondun əlinə keçdiyi hələlik məlum deyil.

“Lukoyl”un həmtəsisçisi Vahid Ələkbərov “Heesen Yachts” gəmiqayırma zavodunun səhmlərini müstəqil Niderland fonduna verib. Zavodun rəsmi saytında bildirildiyi kimi, mayın 18-dən etibarən “şirkət yenidən bütövlükdə hollandlara məxsusdur”.

“Heesen”dən qeyd ediblər ki, sövdələşmə sayəsində Oss və Winterswijk tərsanələrində bütün iş yerlərini xilas etmək mümkün olub. Fondun idarə heyəti Heesen şirkətinin baş direktoru Artur Brauer və Müşahidə Şurasının sədri Anjo Joldersmdən ibarətdir. Rəsmi olaraq, səhmlərini fonda keçirən gəmiqayırma zavodunun sahiblərinin xəbərdə adı çəkilməyib.
Məlumdur ki, “Heesen” 100% Kiprin “Morcell Ltd” holdinq şirkətinə məxsus olub. Onu  Gernsi adasında yerləşən və Ələkbərovlar ailəsinə məxsus olan “Verona Trust” şirkəti Kiprin “Vela Investments Limited” kompaniyası vasitəsilə əldə edib.

“Heesen Yachts” 1978-ci ildə tikilib. Ələkbərov gəmiqayırma zavodunu 2008-ci ildə təsisçi Frans Heesendən 100 milyon avroya alıb. Gəmiqayırma zavodu Niderlandda yaxtalar üçün alüminium ərintisindən gövdə istehsal edən ilk zavod olub. Heesen, həmçinin uzunluğu 30 m-dən 70 m-ə qədər olan qayıqlar, ildə 3-4 dənə yaxta istehsal edir. 

İndi gəmiqayırma zavodu 13 yaxtanın, o cümlədən 80 metrlik “Heesen Galactica”nın yaradılması üzərində işləyir. Yaxta bu ilin aprelində sahibinə təhvil verilməli idi, lakin hələ sona çatmayıb.
Ələkbərov 2016-cı ildə Heesen tərəfindən inşa edilən “Galactica Super Nova” super yaxtasının sahibidir. Gəminin uzunluğu 70 m təşkil edir. Yaxtanın gövdəsi də alüminiumdur. “Galactica Super Nova” 12 sərnişin və 16 ekipaj üzvünü qəbul edə bilir. 2016-cı ildə yaxta Beynəlxalq Monako Yaxta Şousunda Ən Yaxşı Yeni Yaxta və Ən Yaxşı İnteryer Dizayn kateqoriyalarında qalib gəlib.

Bu yaxtanın indi harada olduğu bilinmir, fevral ayında o, izləmə siqnallarının ötürülməsini dayandırıb.

Xatırladaq ki, aprelin 13-də Böyük Britaniya sanksiya siyahısını genişləndirib və Vahid Ələkbərov da daxil olmaqla Rusiyadan daha 206 iş adamı və siyasətçini əlavə edib. Bundan sonra Ələkbərov özü də “Lukoyl”un prezidenti vəzifəsindən və direktorlar şurasından istefa verib, lakin Rusiyada qalacağını və xeyriyyə işləri ilə məşğul olacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO