Dünyanı xilas edən RUS

Dünyanı xilas edən RUS

Hazırda oxunan: Dünyanı xilas edən RUS

76242

Rusiya-Ukrayna müharibəsi fonunda son həftələrdə dəfələrlə nüvə müharibəsi siqnalları verilib. Lakin 39 il öncə, 26 sentyabr 1983-cü ildə bəşəriyyət, həqiqətən də, nüvə müharibəsinin astanasında dayanıb.

Belə ki, həmin gün baş vermiş bu hadisə adi bir yanlışlıq ucbatından 3-cü Dünya müharibəsinin başlanmasına səbəb ola bilərdi. 

SSRİ Müdafiə nazirliyinin “Serpuxov-15” adlandırılan məxfi hərbi hissəsinin növbətçi zabiti Stanislav Petrovun sentyabrın 25-dən 26-a keçən gecə “təlimata uyğun olmayan” verdiyi qərar, məhz həmin gecə dünyanı nüvə fəlakətindən xilas edib.

Sözügedən hərbi hissənin təyinatı SSRİ - ABŞ arasında Soyuq Müharibənin davam etdiyi bir dövrdə Amerikanın hava hücumu qüvvələrinə nəzarət olub.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Xerson və Zaporojye vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığına qəbulunu sadələşdirdi


Podpolkovnik Stanislav Petrov axşam saat 8-də növbəni qəbul edib. Növbətçi hissədə yerləşən bütün sistemlər yoxlanılıb, bütün müdafiə və xəbərdarlıq sistemini əks etdirən M-10 monitorunun sazlığına xüsusi diqqət yetirilib. 

Lakin həmin gecə Stanislav üçün əvvəlki iş günlərindən xeyli fərqli keçib. Belə ki, artıq sentyabrın 26-da 00.15 dəqiqədə sistemdə qırmızı rəngdə “START” sözü görünüb. Bu Amerikanın nüvə başlıqlı ballistik raketinin havaya buraxılması demək idi. Bir neçə dəqiqədən sonra 2-ci raketin buraxılması monitorda öz əksini tapıb, daha bir neçə dəqiqədən sonra isə ABŞ-ın üçüncü raket siqnalı görünüb.

Təlimata uyğun olaraq əks tərəfdən gələn raket hücumunu növbətçi zabit qeydə aldıqdan dərhal sonra rəhbərliyə məruzə etməli idi.

Qeyd edək ki, növbətçi hissədə SSRİ-nin müdafiə naziri və KQB sədri ilə birbaşa məxfi kodlaşdırılmış rabitə əlaqəsi olub. Bu cür vəziyyət yarandıqda növbətçi zabitin məruzəsindən sonra 40 dəqiqə ərzində qarşı tərəfə elə “raket”lə də cavab verilməli idi. Petrov əmin idi ki, onun məruzəsindən sonra SSRİ rəhbərləri nüvə silahlarının düymələrini dərhal basacaqlar. Bu isə atom bombasının Amerikaya atılması və qiyamət ssearisi demək idi.

Növbətçi zabit bunu nəzərə alaraq məsuliyyəti öz üzərinə götürüb və məruzə etmək üçün tələskənliyə yol verməyib. Təcrübəsinə və biliyinə güvənərək sistemdə problem yaranmasını, siqnalların yanlış olmasını ehtimal edib. Bu olduqca böyük bir risk idi. Çünki əks təqdirdə bu SSRİ ərazisinə üç atom bombasının düşməsi ilə nəticələnəcəkdi.

Amma polkovnik-leytenant öz ehtimallarında yanılmayıb, həqiqətən də, sistemdə baş verən problem ucbatından sistem xəbərdarlıq siqnalları veribmiş.

Lakin bu hadisə SSRİ dövründə xüsusilə gizli saxlanılıb. Çünki məsələnin geniş yayılması SSRİ ordusunun nüfuzuna ciddi zərbə vura bilərdi. Stanislav Petrova isə təşəkkür belə edilməyib, əksinə nizamnaməyə uyğun davranmadığı üçün rəhbərlik ona töhmət verərək, daha aşağı vəzifəyə təyin edib. Bir neçə il sonra isə Petrov səhhəti ilə əlaqədar təqaüdə çıxır.
 

Yalnız SSRİ dağıldıqdan sonra təkcə Rusiyada deyil, xarici ölkələrdən də dünyanı nüvə fəlakətindən xilas edən zabitlə bağlı xəbərlər yayılmağa başlayır. Və Petrovun dünyanı xilas etməsindən 23 il sonra, 2006-cı ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərərgahında Stanislav Petrova “Nüvə müharibəsinin qarşısını alan insan” adlı xüsusi mükafat təqdim olunub.


Göstərdiyi bu qəhrəmanlığa görə Petrov Fransa və Almaniyanın müxtəlif mükafatlarına da layiq görülüb. Onun haqqında “Dünyanı xilas edən adam” adlı sənədli film də çəkilib.

Dünyanı nüvə fəlakətindən xilas edən polkovnik-leytenant Stanislav Petrov 2017-ci il may 19-da 77 yaşında vəfat edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO