ABŞ və İran arasında keçirilən danışıqlarda əsas fikir ayrılıqlarından biri Tehranın dondurulmuş aktivlərinin hansı həcmdə açılacağı məsələsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun “qırmızı xətləri” sırasında İranın uranın zənginləşdirilməsini dayandırması, bütün iri zənginləşdirmə obyektlərini sökməsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi yer alır.
Bundan başqa, ABŞ Hörmüz boğazının heç bir ödəniş tələb olunmadan tam açılmasında israr edir.
Xatırladaq ki, aprelin 11-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar keçirilib. Görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun öz “qırmızı xətləri”ni aydın şəkildə ortaya qoyduğunu bildirsə də, İran bu şərtlərlə razılaşmayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai də açıqlamasında Vaşinqton və Tehranın iki-üç mühüm məsələ üzrə ortaq mövqeyə gələ bilmədiyini bildirib.
Bizim.Media






























































































