“ABŞ Prezidenti Donald Trampın sayəsində ABŞ-ın və ümumilikdə Qərbin bir çox məsələlər üzrə mövqeyi tam şəkildə üzə çıxıb”.
Bizim.Media “Belta”ya istinadla xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalatbek Masadıykovla görüşdə səsləndirib.
Dövlət başçısı qeyd edib ki, dünyada müxtəlif problemlər, o cümlədən bəzi ölkələrdə silahlanmanın həcmi ilə bağlı məsələlər kifayət qədərdir.
Onun sözlərinə görə, bütün bu məsələlər sülh yolu ilə həll olunmalıdır:
“Əgər biz özümüzə kömək etməsək, heç kim bizə kömək etməyəcək”.
Lukaşenko İranla müharibə məsələsindən də söz açıb:
“İran güclü ənənələrə malik dövlətdir və bu ölkə ilə bağlı vəziyyət ABŞ üçün də risklər yaradır. Amerikalılar öz zəifliklərini göstərdilər. Onların əsas rəqibi həmişə Çin olub. Amma artıq özləri də anlayırlar ki, Çinlə heç vaxt bacara bilməyəcəklər. Bu, İranda baş verənlərlə də özünü göstərir”.
Belarus prezidenti hesab edir ki, İrandakı münaqişə tezliklə başa çatdırılmalıdır:
“İsraillilər də düşünməlidirlər ki, hərbi addımları artırmaq düzgün yol deyil”.
Lukaşenko əlavə edib ki, heç bir ölkə İranı məğlub edə bilməz:
“Bu, coğrafi baxımdan mürəkkəb, əhalisi isə öz torpağı uğrunda mübarizəyə hazır olan bir dövlətdir. Bu, “Persiya”dır və onun tarixi hamıya məlumdur”.
O, həmçinin qeyd edib ki, mövcud mürəkkəb beynəlxalq şəraitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz rolunu və əhəmiyyətini düzgün müəyyənləşdirməli, fəaliyyət istiqamətlərini aydınlaşdırmalıdır.
“Çox şey sizdən və həmkarlarınızdan asılıdır. Amma ümid edirəm ki, bunun öhdəsindən gələcəksiniz. Bizim dəstəyimizə arxalana bilərsiniz”, – deyə Belarus prezidenti bildirib.
Bizim.Media
































































































