Nepal hakimiyyəti bir neçə turizm agentliyini, onlarla əlaqəli həkimləri və helikopter şirkətlərinin operatorlarını böyükmiqyaslı dələduzluqda və turistlərin sağlamlığına qəsdən zərər vurmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə The Times of India qəzeti yazıb.
İstintaqla müəyyən edilib ki, dələduzluq sxeminin çoxsaylı qurbanları Everest ətrafında yerləşən trekinq marşrutlarında səyahət edən turistlər olub.
Belə ki, tur şirkətlərinin bələdçiləri qəsdən turistlərin qidasına müxtəlif maddələr, o cümlədən çiy toyuq və siçan peyini qataraq onlarda kəskin halsızlıq, ürəkbulanma, zəiflik və mədə-bağırsaq pozğunluğu yaradıblar. Bu simptomlar yüksək dağ şəraitində ölümcül ola bilən dağ xəstəliyinə bənzədilib.
Plan üzrə, “xəstələnən” turistlər təcili şəkildə helikopterlərlə bahalı tibbi evakuasiyaya cəlb olunub. Daha sonra onları qəbul edən, şəbəkə ilə əlaqəli həkimlər saxta diaqnozlar qoyaraq, lazımsız müalicələr təyin ediblər.
Bu yolla sığorta şirkətlərindən 19,6 milyon dollarlıq ödənişlər əldə edilib.
Hazırda cinayət işi üzrə ümumilikdə 32 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub. Onların arasında turizm agentliklərinin sahibləri və bələdçiləri, helikopter şirkətlərinin operatorları və həkimlər yer alır.
Nepal hakimiyyəti bu işi turizm sektorunda ən iri dələduzluq hallarından biri kimi qiymətləndirir.
Qalmaqalın ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracağı və əsas valyuta mənbələrindən biri olan turizm sahəsinə mənfi təsir göstərəcəyi bildirilir.
Bizim.Media





































































































