“İşğalın ilk günlərində Lukaşenko mənə zəng edərək üzr istədi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Zerkalo.io” nəşrinə müsahibəsində bildirib.
“Həmin vaxt Lukaşenkoya açıq şəkildə dedim ki, Belarus ərazisindən Rusiya raketləri buraxılıb və Rusiya qoşunları buradan Ukraynaya daxil olduğu üçün Minsk faktiki olaraq təcavüzün şərikinə çevrilib. Lukaşenko vəziyyətə nəzarət etmədiyini bildirdi və Ukraynaya Mozır şəhərində yerləşən neft emalı zavoduna cavab zərbəsi endirməyi təklif etdi”, - deyə Ukrayna lideri qeyd edib.
Zelenski vurğulayıb ki, Ukrayna tərəfi belə bir zərbə imkanını müzakirə etsə də, Kremlin Belarusu müharibəyə açıq şəkildə cəlb etməsi üçün bəhanə verməmək məqsədilə bundan imtina edib.
O əlavə edib ki, Rusiya xüsusilə ölkənin şərqində aktiv hücumların getdiyi dövrdə Belarus istiqamətindən istifadə edərək Ukrayna qüvvələrini parçalamağa çalışıb.
“Moskva və Minsk yenidən Belarus ərazisində birgə hərbi təlimlər keçirmək barədə danışırlar. Əvvəlki dəfə də oxşar genişmiqyaslı təlimlər fonunda Ukrayna ərazisinə hücum başlanmışdı. Onların nə qədər genişmiqyaslı olacağını görəcəyik”, – deyə Zelenski qeyd edib.
O vurğulayıb ki, bu cür addımlar həm Ukrayna, həm də Belarus üçün böyük risklər yaradır.
Bizim.Media






























































































