İsrailin aviasiya sektorunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi halı üçün mərhələli fəaliyyət planı hazırlanıb. Hazırlıq işləri Nəqliyyat Nazirliyi ilə İsrail Hava Limanları İdarəsi tərəfindən əvvəlki böhranların təcrübəsi nəzərə alınaraq aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə “12-ci kanal” məlumat yayıb.
Hərbi əməliyyatlar başlayacağı təqdirdə, mülki hava məkanı operativ şəkildə bağlanacaq. Paralel olaraq, İsrail və xarici aviaşirkətlərlə birlikdə fövqəladə vəziyyətin qiymətləndirilməsi həyata keçiriləcək. Məqsəd – sürətlə fövqəladə rejimə keçmək və sərnişinlər, eləcə də ekipajlar üçün riskləri minimuma endirməkdir.
Plan çərçivəsində İsrailə məxsus təyyarələrin zərər görmə riskini azaltmaq üçün xarici hava limanlarına köçürülməsi nəzərdə tutulur. Eyni zamanda, xarici aviaşirkətlərin ekipajlarının təhlükəsiz təxliyəsi prioritet olacaq. Bu addım əməkdaşlığın qorunmasına və vəziyyət sabitləşdikdən sonra uçuşların tez bərpasına imkan verəcək.
Ölkənin ən böyük hava limanı – Ben Gurion Airport müvəqqəti əlçatmaz olacağı halda vətəndaşların ölkəyə qayıdışı üçün alternativ sxemlər hazırlanıb. Bunlara Kiprdən dəniz nəqliyyatı vasitəsilə “şatl” marşrutlarının təşkili, eləcə də İordaniyanın Əqəbə şəhərindəki King Hussein International Airport üzərindən uçuşların artırılması daxildir. Bu istiqamətlər ehtiyat kommunikasiya kanalları kimi nəzərdən keçirilir.
Bizim.Media
































































































