Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koivunu Ermənistandakı Aİ-nin mülki müşahidə missiyasının (European Union Monitoring Mission in Armenia) yeni rəhbəri təyin edib.
Bizim.Media xəbər verir ki, o, 20 fevral 2026-cı il tarixindən vəzifəsinin icrasına başlayacaq və bu postda Markus Ritteri əvəz edəcək.
Satu Koivu 35 ildən artıq milli və beynəlxalq səviyyədə iş təcrübəsinə malik yüksək rütbəli finlandiyalı polis zabitidir. O, BMT və Aİ missiyalarında – Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə rəhbər vəzifələrdə çalışaraq geniş beynəlxalq təcrübə qazanıb.
EUMA-nın rəhbəri təyin olunmazdan əvvəl Koivu Finlandiya Milli Polis İdarəsində, Espoo şəhərində kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Mülki missiya Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsi istiqamətində Aİ-nin səylərinin mühüm tərkib hissəsidir.
Missiyanın əsas vəzifəsi Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyəti yerində müşahidə etmək, bununla bağlı hesabatlar hazırlamaq və həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Aİ-nin mövcud müşahidə mandatı 19 fevral 2027-ci ilədək qüvvədədir.
Missiyanın tərkibinə 200-dən çox beynəlxalq və yerli əməkdaş daxildir. EUMA müşahidəçiləri və mülki ekspertlər Aİ-yə üzv 25 dövləti, həmçinin Kanadanı təmsil edirlər.
Xatırladaq ki, Azərbaycanın rəsmi dairələri dəfələrlə European Union Monitoring Mission in Armenia (EUMA) missiyasının Ermənistan ərazisində fəaliyyətinə narazılığını bildirib.
Rəsmi Bakı bu mövqeyini müxtəlif səviyyələrdə – XİN bəyanatlarında, beynəlxalq görüşlərdə və parlament çıxışlarında səsləndirib.
Azərbaycanın mövqeyinə görə, Aİ missiyası yalnız Ermənistan tərəfində fəaliyyət göstərir və Azərbaycan ərazisində analoji mexanizm yoxdur. Rəsmi Bakı hesab edir ki, bu, balanslı yanaşma deyil və regionda obyektivlik prinsipinə zərər vura bilər.
Azərbaycan bəyan edir ki, ikitərəfli danışıqların üçüncü tərəflərin iştirakı olmadan aparılması daha effektivdir.
Rəsmi açıqlamalarda vurğulanır ki, müşahidə missiyası sərhəd bölgələrində məlumat toplayır və bu məlumatların necə istifadə olunduğu ilə bağlı şəffaflıq sualları var. Azərbaycan tərəfi xüsusilə regional təhlükəsizlik kontekstində bu amili diqqətə çatdırır.
Azərbaycan daha çox regional platformalara – xüsusilə Azərbaycan–Ermənistan birbaşa təmaslarına üstünlük verdiyini bəyan edib.

Bizim.Media

































































































