Heredotun “Tarix” əsərində belə bir hekayə verilir:
Əhəməni hökmdarı Kir Lidiya çarı Krezi əsir götürdükdən sonra yalnız bir şərt daxilində canını bağışlayacağını açıqlayır:
“Sən gərək xalqını elə idarə edəsən ki, lidiyalılar farslara qarşı üsyan etməsin”.
Buna baxmayaraq, çox keçmir ki, lidiyalılar fars imperiyasına qarşı üsyan edirlər. Üsyanlar davam edir, səbri tükənən Kir Krezi çağıraraq, bir daha üsyan olacağı təqdirdə həyatı ilə vidalaşmaq məcburiyyətində qalacağı barədə xəbərdarlıq edir. Krez isə Kirə:
“Sən mənim xalqıma lira çalmaq, axşamlar rəqs etmək, hündürdaban geyinmək və kiçik alış-verişlə məşğul olmaq barəsində əmr ver. Əgər Lidiya xalqını buna alışdırsan, onlar bir daha üsyana cəhd etməyəcəklər”, - deyə məsləhət verir.
MÖVZU İLƏ BAĞLI:
ÜST: “Omikron” ştamından sonra Avropada pandemiya sona çatacaq
Lidiya xalqının bu gün milli mədəni irsi, dil və xalq təfəkkürünün olmamasına səbəb elə bu hadisə olub.
Sözün əsl mənasında, bir milləti, ideologiyanı məhv etmək istəyirsənsə, ilk öncə vərdişlərinə və dilinə əks təbliğatla başlamalısan. Danılmaz həqiqətdir ki, bu gün etnik-milli zəmində yaranan ideoloji boşluqların arxasında sülhpərəst komisyonçular yox, imperalist nəhənglər var. Hətta biz elə bir dövrə gəlib çıxmışıq ki, kiçik dövlətlər də məharətlə öz milli-mənəvi ənənəçilik və vərdişlərini bütün dünyaya “sırıyır”. Ən bariz nümunə Cənubi Koreyadır. Qum fırtınalarından qorunmaq məqsədilə istifadə etdikləri maska indi dünyanın hər yerində satış rekordları qırır.
Pandemiya tarixin gətirdiyi təsadüfi bəladır, yoxsa peşəkarlıqla hazırlanmış siyasi oyun?
“Evdə qal”, “Məsafə saxla”, “Evdə qal, özünü, ailəni, cəmiyyətini qoru”... Çox tanış ifadələridir. Baxın, bu qlokallaşmanın özüdür ki, var! Əgər pandemiya piar vasitəsidirsə, qlokallaşma onun şüarıdır. Hal-hazırda hamımız bu şüar altında irəliləyən əsgərlərik. Dünyanı böyük bir təhdiddən xilas etmək istəyirik, lakin yerimizdən tərpənmək kimi bir “icazəmiz” yoxdur.
Heç bilirsiniz ki, COVID-19 ilk yayıldığı 3 ay ərzində, Netflix 16 milyon yeni abonent qazanıb? Bu ümumillikdə internet satışının 10% artımı mənasına gəlir. ABŞ təbliğat siyasətinə daha bir uğurlu imza...
Bu bir gerçəkdir ki, Azərbaycan da hər bir ölkə kimi bu siyasi-mənəvi reallıqdan öz “bəhrə”sini götürməli oldu. İndi başımızı hara çevirsək, yeni bir boşanma hadisəsi, yeniyetmə və gənclərdə sıxlıqla müşahidə olunan ingilis, rus dili asılılığı, Qərb kinematoqrafiyasına pərəstişkarlıq və təəssüf ki, zərərli vərdiş və trendlərə uyğunlaşma ilə üz-üzəyik.
Xüsusilə, gəncləri hədəf alan bu təbliğat pandemiyanın gəlişi ilə bizim üçün bir müddət qalacaq “üzlü” qonağa bənzəyir.
Daha qorxulu görünən və çarəsi tapılmasa, cəmiyyətin xroniki xəstəliyinə çevriləcək problem son 10-15 ildir ki, qohum-əqraba soyuqluğunun yerini ailədaxili soyuqluq - ana-ataya hörmətin, bacı-qardaşa şəfqətin, həyat yoldaşına sevgi və ləyaqətin itirilməsi olacaqdır. Artıq o günlərə yol görünməkdədir.
Yuxarıda Herodotdan xatırladığımız hekayədə olduğu kimi, millətləri və cəmiyyətləri daha rahat idarə etməyin yolu, onları vərdişlərindən, ənənələrindən və dəyərlərindən uzaqlaşdırmaqdır.
Sözəbaxan və vahid mərkəzdən idarə olunan insanların oluşduğu gələcəyə doğru gedirik. Nə qədər təzadlı olsa da masa arxasına toplum kimi sağ qala bilənlər oturacaq.
O toplumun sayı neçə olacaq? 5, 7 və ya daha çox? Gələn mövzumuzda bundan danışacağıq.
Mia Quliyeva, Bizim.Media