ABŞ Prezidenti Donald Tramp Venesuelanın ardınca Danimarkaya məxsus Qrenlandiyanı da nəzarətə götürməyə çalışır.
Bu günlərdə Tramp mətbuata açıqlamasında bəyan edib ki, ABŞ-ın müdafiə üçün Qrenlandiyaya nəzarət etməsinə ehtiyacı var:
"Şübhəsiz, bizə Qrenlandiya lazımdır. O, bizə müdafiə üçün lazımdır".
Trampın bu çağırışına cavab olaraq Danimarkanın baş naziri Mette Frederiksen bəyan edib ki, ABŞ tərəfindən adanın ələ keçirilməsi NATO hərbi alyansının faktiki olaraq sonu anlamına gələcək.
Danimarka baş naziri ABŞ-ın bu addıma əl atmasının fəlakətli nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq da edib.
Əksər Avropa lideri də onlarla həmrəylik nümayiş etdiriblər.
Frederiksenin fikrincə, belə bir vəziyyət yaranarsa, bu İkinci Dünya müharibəsinin sonundan bəri təmin olunan təhlükəsizliyin sona çatması demək olacaq.
Aydın məsələdir ki, bir NATO üzvünün alyansın digər üzvünə hücumu təşkilat daxilində indiyə qədər olmayan kəskin ziddiyyətlərə, parçalanmalara rəvac verəcək. Onsuz da hazırda Ukrayna məsələsilə bağlı Vaşinqtonla Avropa İttifaqı ölkələri arasında soyuq küləklər əsir. Hətta ABŞ öz üzərinə düşən yükü azaltmaq üçün NATO-nun digər ölkələrindən öz hərbi büdcələrini ümumi daxili məhsulun 5 faizinə qədər qaldırmağı tələb edir.
Trampın Qrenlandiya istəyinin reallaşdırması isə Amerika ilə NATO-nun üzvü olan əksər Avropa ölkələri arasında olan ziddiyyətləri pik nöqtəyə qədər yüksəldə bilər ki, bu da öz növbəsində “köhnə qitə”ni xaosla üz-üzə qoyacaq.
Trampın planı nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, rəsmi Vaşinqtonun hazırki siyasəti çox anlaşılmaz tərzdədir:
“Burada elə təzahürlər var ki, onları sağlam baş, sağlam ruhla qarşılamaq bir qədər çətindir. Trampın istəyi odur ki, Qrenlandiya daxil şimaldan cənuba doğru bütün Amerika qitəsini öz nəzarətinə götürsün. ABŞ Prezidenti elə bir layihələrə üstünlük verir ki, özünün Qərb yarımkürəsindəki hegemoniyasına zəmanət yaratsın”.
“Bu Putin Tramp razılaşmasının nəticəsidir”
Müsahibimiz düşünür ki, Alyaskada Trampla Putin görüşəndə məhz bu məsələləri müzakirə ediblər:
“Yəni bu görüşdə məqsəd heç də Ukrayna məsələsi olmayıb. Əksinə, burada dünyanın bölgüsü söhbəti gedir. Görünən odur ki, Putinlə Tramp ABŞ-ın Qərb yarımkürəsində hökmranlıq etməsi, Rusiyanın postsovet məkanı, Çinin də Sakit okean bölgəsində sözünün eşidilməsi razılığına gəliblər. Burada Avropa zəif bənd olaraq qalır və bu statusda da o, özünə yer tapa bilmir”.
NATO daxilində anarxiya
Politoloq qeyd edir ki, Tramp Qrenlandiyanı həqiqətən ələ keçirsə, onda Vaşinqtonun Kopenhagenlə, ardınca da onun bir sıra NATO ölkələrilə münasibətləri pozulacaq:
“Bu fonda NATO ölkələri arasında da məsələyə fərqli yanaşmalar ortaya çıxacaq. NATO-da mövcud olan qaydalara əsasən ora üzv hər hansı bir ölkəyə hücum edilərsə, onda həmin addımı atan dövlətə qarşı da güc tətbiq olunacaq. Qrelandiya məsələsində onda belə görünür ki, NATO ABŞ-a qarşı güc tətbiq edəcək? Nəzərə alaq ki, NATO-nun əsas yaradıcı, aparıcı qüvvəsi ABŞ-dır. Amma indi bu sistem daxilində anarxiya prosesləri baş verir və yaşanan tendensiyanın belədə Avropanı xaosa sürükləyəcəyi heç bir şübhə doğurmur”.
Yeni nizama gedən yol müharibədən keçir...
Həmsöhbətimiz bildirir ki, mövcud vəziyyətdə Paris, London və Berlini ciddi çətinliklər gözləyir:
“Bir məqam da odur ki, Tramp Avropa ilə ümumiyyətlə yola getmək və heç kəsi eşitmək istəmir. Bu əsasda da, Avropanın rolunu inkar edir, ABŞ-ın “köhnə qitə” olmadan dolana biləcəyini bəyan edir.
Yeni nizama aparan yol həmişə qarşıdurma, müharibə, münaqişələrdən keçir. ABŞ isə böyük gücə malik ölkə kimi belə bir yolu getməkdən çəkinmir. Avropanı isə belə vəziyyətdə daha çətin dövr gözləyir. Xüsusən də, Fransa, Almaniya, Böyük Britaniya öz başlarına çarə qılmalıdırlar”.
Rüfət Sultan, Bizim.Media






























































































