Qazaxıstanda təxminən 50 min sərnişin Yeni ili qatarlarda qarşılayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” İdarəsinin (KTJ) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yeni il gecəsi ölkə üzrə dəmir yolu nəqliyyatında minlərlə əməkdaş növbədə olacaq.
Belə ki, yük qatarlarında 1685, sərnişin qatarlarında 357, təsərrüfat və manevr hərəkətində isə 698 maşinist xidmət aparacaq. Dəmir yolu vağzallarında ümumilikdə 122 bilet kassası fəaliyyət göstərəcək, onlardan 40-ı yanvarın 1-nə keçən gecə açıq olacaq. Sərnişinlərə 1600-dən çox bələdçi xidmət göstərəcək.
Bayram gecəsində vağzal növbətçiləri, arayış bürolarının əməkdaşları, dispetçerlər, yol montyorları və digər mütəxəssislər də öz işlərini davam etdirəcəklər.
Məlumarda qeyd olunub ki, bir çox dəmiryolçu üçün Yeni ili iş başında qarşılamaq artıq peşə ənənəsinə çevrilib.
Bizim.Media


































































































