Rusiyanın əməkçi miqrantlara qarşı sərt tədbirlər görməsi fonunda onların bir hissəsi bu ölkəni tərk etməli olub. Digər tərəfdən, miqrantların müxtəlif bəhanələrlə Ukraynada savaşa göndərilməsi də bu tendensiyanı sürətləndirir.
Maraqlıdır ki, onlar bu çatışmazlığı Hindistan və Şimali Koreyadan gətirilən ucuz işçi qüvvəsilə doldurmaq qərarına gəliblər.
Hələ noyabr ayında “Sberbank”ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin Hindistandan ixtisaslı işçi qüvvəsi gətirilməsinin vacib olduğunu bildirmişdi.
Hindistanın Sankt-Peterburqdakı baş konsulu Neelam Rani isə həmin vaxt qeyd etmişdi ki, Rusiya əmək bazarındakı boşluğu doldurmaq üçün bu ölkəyə 400.000 hindli işçi cəlb ediləcək.
Beləliklə, göründüyü kimi, hindistanlıların Rusiyaya kütləvi axını artıq başlayıb. Bu fonda Rusiyadakı digər miqrantlar isə iş yerlərini itirirlər.
Belədə görəsən soydaşlarımızı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirir ki, Hindistandan olan ucuz işçi qüvvəsinin Rusiyaya axın etməsinin bu ölkədə tikinti, meşə təsərrüfatı və aqrar sahədə çalışan soydaşlarımıza müəyyən mənfi təsirləri olacaq:
“Rusiyaya KİV-də Hindistandan kütləvi miqrant axını barədə məlumatlar dərc edilir. Bəzi mənbələrdə ilkin olaraq 1 milyon hindistanlı əməkçi miqrantın cəlb olunmasına dair fikirlər də yer alıb. Bəzi seqmentlərdə bu məsələ o qədər də xoş qarşılanmır. Burada bir sıra problemlərə yol açıldığına dair müəyyən qənaətlər də formalaşıb. Rusiyada uzun müddət əmək fəaliyyətinə məşğul olan əməkçi miqrantların bu və ya digər formada cəmiyyətə inteqrasiyası artıq baş verib”.
Millət vəkili qeyd edib ki, Hindistandan gələn şəxslər isə cəmiyyətə inteqrasiyanı təmin edən nə yerli qanunvericiliyi, nə yerli adət-ənənəni, nə də dili bilirlər:
“Amma görünən odur ki, Rusiyada müəyyən qərar verən şəxslər məhz Hindistandan olan miqrantların gətirilməsində maraqlıdır. Bu isə istənilən halda əmək bazarında digər ölkələrdən olan əməkçi miqrantların sıxışdırılmasına gətirib çıxaracaq.
Deməli, mövcud vəziyyət Azərbaycandan olan əməkçi miqrantlara da toxunacaq. Özü də bu daha çox tikinti, meşə təsərrüfatı və aqrar sahə üzrə ucuz işçi qüvvəsi olaraq əmək fəaliyyətilə məşğul olan miqrantlara toxunacaq. Yəni Hindistandan olan ucuz işçi qüvvəsi bu sahədə çalışanlar üçün ciddi rəqabət yarada bilər.
Qeyd edək ki, Rusiyadakı qanuni şəkildə əmək fəaliyyətilə məşğul olan azərbaycanlı əmək miqrantların sayının 100 mindən bir qədər artıq olduğu bildirilir. Eyni zamanda, Rusiyada 500 minə yaxın Azərbaycan vətəndaşının qanuni şəkildə qeydiyyata alınmaqla yaşadığına dair məlumatlar var”.
Rüfət Sultan, Bizim.Media



































































































