ABŞ Ədliyyə Nazirliyi tərəfindən maliyyəçi Cefri Epşteyn işi üzrə dərc edilən materiallardan ABŞ prezidenti Donald Trumpın yer aldığı fotoşəkil yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Agentliyin yazdığına görə, Epşteyn işi ilə bağlı sənədlər dərc edildikdən 24 saat keçməmiş ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytından azı 16 fayl silinib.
İtən sənədlərin böyük hissəsini fotoşəkillər təşkil edir. Onlardan birində Donald Tramp, həyat yoldaşı Melaniya Tramp, Epşteyn və onun köməkçisi Maksvell birlikdə əks olunub.
Maksvell 2022-ci ildə azyaşlıların cinsi istismarı məqsədilə insan alverində təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.
"The New York Times" nəşrinin məlumatına görə, silinmiş digər fotoların əksəriyyəti Epşteynin Nyu-Yorkdakı malikanəsinin üçüncü mərtəbəsində yerləşən və istintaqa əsasən cinayətlərin törədildiyi iddia olunan masaj otağı ilə bağlı olub.
Jurnalistlər Trampın fotosunun yoxa çıxmasına diqqət çəkdikdən sonra həmin şəkil Ədliyyə Nazirliyinin saytında yenidən əlçatan olub, lakin yalnız birbaşa keçid vasitəsilə. Faylların ümumi siyahısında isə foto hələ də görünmür.
ABŞ Ədliyyə Nazirliyi 16 faylın, o cümlədən Trampın yer aldığı fotonun niyə silindiyi ilə bağlı konkret açıqlama verməyib. Nazirlik yalnız bildirib ki, materiallar “qanunvericiliyə uyğun olaraq ehtiyat tədbiri məqsədilə yoxlanılır və redaktə olunur”.
Qeyd edək ki, Epşteyn işi üzrə bütün materialların dərc olunması ABŞ Konqresinin tələbi əsasında həyata keçirilməli idi və bu proses 19 dekabradək tamamlanmalıydı. Lakin göstərilən tarixə qədər Ədliyyə Nazirliyi sənədlərin yalnız bir hissəsini açıqlayıb.
Gecikmə materialların həcminin böyük olması və Epşteynin qurbanlarının müdafiəsi üçün redaktə zərurəti ilə izah edilib. (Modern.az)
Bizim.Media


































































































