ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsində təmsil olunan demokratlar maliyyəçi Ceffri Epşteynə məxsus şəxsi arxivdən bir sıra fotolar yayımlayıblar.
Bizim.Media xəbər verir ki, yayımlanan fotolarda “Google”un həmtəsisçisi Sergey Brin (kadrda tək halda poz verir və ya başqa bir kişi ilə söhbət edir) və “Microsoft”un həmtəsisçisi Bill Qeytsin gənc qadınların yanında dayandığı görünür. Fotolarda qadınların üzləri gizlədilib.
Bundan başqa, fotolarda Epşteynin qadınlarla birgə olduğu kadrlar da yer alır. Digər şəkillərdə isə Vladimir Nabokovun “Lolita” əsərindən sitatlarla yazılmış qadın bədəni əks olunub.
Paylaşılan materiallarda filosof Noam Xomski kimi digər tanınmış şəxslər də görünür. Fotolarda həmçinin evin interyeri və planı, yazışma fraqmentləri və digər şəxslərə məxsus sənədlər yer alır.
Qeyd edək ki, Epşteyn azyaşlıların cinsi istismarı məqsədilə alverdə ittiham olunurdu. Epşteyn 2008-ci ildə fahişəliyin təşkili ilə bağlı təqsirini etiraf etmiş və azyaşlının zorlanmasına görə məhkum olunmuşdu. O, 2019-cu ilin yayında ABŞ-da yenidən saxlanılaraq, 14 yaşlı qızlar da daxil olmaqla gənc qadınların alverində və fahişəliyə cəlb edilməsində ittiham olunmuşdu.
Həmin ilin avqustunda 66 yaşlı milyarder məhkəmə başa çatmadın həbsxanada həyatını itirib.
Epşteynin yaxın adamı hesab olunan Böyük Britaniya vətəndaşı Gislayn Maksvel isə cinsi istismar məqsədilə insan alverinə yardım etməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.




Bizim.Media




























































































