Avropadan Rusiyanın təhdidinə SƏRT CAVAB – Müharibə təhlükəsi YENİDƏN GÜNDƏMDƏ

Avropadan Rusiyanın təhdidinə SƏRT CAVAB – Müharibə təhlükəsi YENİDƏN GÜNDƏMDƏ

Hazırda oxunan: Avropadan Rusiyanın təhdidinə SƏRT CAVAB – Müharibə təhlükəsi YENİDƏN GÜNDƏMDƏ

584669

Avropa İttifaqı daxildəki narazılıqları aradan qaldıraraq, nəhayət Rusiya aktivlərinin müsadirəsi məsələsində razılığa gələ bilib.

Britaniyanın "The Times" qəzeti yazıb ki, bu məsələ dekabrın 8-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Volodimir Zelenskinin görüşündə müzakirə edilib.

Qəzet iddia edib ki, razılaşma dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə 133 milyard dollar ayrılmasını nəzərdə tutur. Bu vəsaitlər ya hərbi yardım, ya da Ukraynanın bərpası üçün istifadə olunacaq.

Bundan əlavə, Avropa Komissiyası dekabrın 18-19-da keçiriləcək sammitdə Avropa İttifaqı ölkələrindən 210 milyard avro həcmində Rusiya aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul etməyə ümid edir.

Xatırladaq ki, Avropada gedən müzakirələr fonunda ötən həftə Rusiya Aİ-ni açıq  şəkildə müharibə ilə təhdid etmişdi. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Aİ-nin Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirə etməsinin müharibəyə səbəb olacağını bildirmişdi.

Mövcud vəziyyətdə görəsən, proses necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov qeyd edib ki, sözügedən maliyyə mexanizmi Avropa ilə Kreml arasında gərginliyi artırsa da, mövcud müharibəni daha da genişləndirəcək həddə çatdırmayacaq:

“Avropa İttifaqının 3 dekabr 2025-ci il tarixli qərarı ilə dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən istifadə edərək Ukraynaya 50 milyard avro həcmində kredit paketi təqdim etməsi münaqişənin maliyyə ölçüsündə mühüm dönüş nöqtəsidir. Bu mexanizm birbaşa müsadirə deyil, faiz gəlirlərinin yönləndirilməsidir və G7-nin 2024-cü il razılaşmasına əsaslanır”.

Ekspert qeyd edir ki, Aİ-nin atdığı bu addım fonunda Moskvanın ən real qisas variantı Qərb şirkətlərinin Rusiyadakı aktivlərinin bloklanması və ya milli mühafizəyə yönəlmiş hüquqi prosedurlar olacaq:
 

“Rusiya rəsmiləri, xüsusilə Dmitri Medvedev, bu addımı “müharibə səbəbi” (casus belli) kimi qiymətləndirərək kəskin reaksiya verib. Lakin Kreml indiyədək verdiyi oxşar bəyanatların çoxunu hərbi eskalasiyaya çevirməyib. Moskvanın ən real qisas variantları Qərb şirkətlərinin Rusiyadakı aktivlərinin bloklanması və ya milli mühafizəyə yönəlmiş hüquqi prosedurlardır.


Avropa tərəfi isə mexanizmi beynəlxalq hüquqa uyğun şəkildə quraraq mümkün məhkəmə risklərini minimuma endirməyə çalışır. Hər iki tərəfin bir-birinə qarşı iqtisadi asılılığı hələ də yüksək olduğundan, birbaşa hərbi qarşıdurma ehtimalı aşağı səviyyədə qalır. Rusiyanın nüvə doktrinasında belə hallar üçün açıq “qırmızı xətt” müəyyənləşdirilməyib.

Kremldəki qərarvericilər üçün ən böyük önəm daxili auditoriyaya “güclü cavab” nümayiş etdirməkdir.

Avropa diplomatiyası bu riski nəzərə alaraq prosesi mərhələli və şəffaf şəkildə irəli aparır. Beləliklə, maliyyə mexanizmi gərginliyi artıracaq, lakin mövcud müharibəni genişləndirəcək həddə çatdırmayacaq”.

Həmsöhbətimiz düşünür ki, bundan sonra Aİ ilə Rusiya arasında cərəyan edən proses daha çox uzunmüddətli iqtisadi və hüquqi qarşıdurma istiqamətində inkişaf edəcək.


Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO