Zaxarova niyə Sarkisyanın Putinə yazdığı məktubdan qorxuya düşüb? - DETALLAR

Zaxarova niyə Sarkisyanın Putinə yazdığı məktubdan qorxuya düşüb? - DETALLAR

Hazırda oxunan: Zaxarova niyə Sarkisyanın Putinə yazdığı məktubdan qorxuya düşüb? - DETALLAR

583861

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistan etik normaları kobud şəkildə pozaraq ATƏT-in işçi sənədlərini və həmsədr ölkə rəhbərlərinin yazışmalarını maraqlı tərəflərlə razılaşdırmadan dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Zaxarovanın sözlərinə görə, bu addım diplomatik praktikanın fundamental qaydalarına ziddir və tərəflər arasında illərlə formalaşmış etimad mühitinə ciddi zərbə vurur.

O vurğulayıb ki, kompromislərə əsaslanan həssas sülh proseslərində belə sənədlərin gizliliyi qorunmalıdır və Ermənistanın bu davranışı bütün tərəflər üçün qəbuledilməzdir.
 

Rusiya tərəfi hesab edir ki, işçi materialların və məxfi yazışmaların birtərəfli qaydada ictimailəşdirilməsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılmış danışıqların mahiyyətinə və formatına ziddir. Zaxarova bildirib ki, bu cür addımlar danışıqlar prosesində vasitəçilərin fəaliyyətinə kölgə salır və regionda həssas balansı pozur.


Xatırladaq ki, Ermənistan hökuməti yaxın günlərdə 1994–2020-ci illər ərzində Qarabağ məsələsi üzrə aparılmış danışıqlara dair 13 fayldan ibarət arxiv sənədlərini dərc edib. Bu materiallarda müxtəlif mərhələlərdə aparılmış təkliflər, həmsədr ölkələrin mövqeləri, danışıqlar masası arxasında müzakirə edilən variantlar və məxfi yazışmalar yer alır.

Məhz bu 13 faylın dərc olunması Moskvanın, eləcə də danışıqlarda iştirak edən digər tərəflərin narazılığına səbəb olub. Rusiyanın XİN nümayəndəsi bildirib ki, bu addım təkcə etik yox, həm də prosedur qaydalarının pozulmasıdır, çünki belə sənədlər yalnız tərəflərin razılığı ilə açıqlana bilər.

Zaxarova əlavə edib ki, Ermənistanın atdığı bu addım “konstruktiv dialoqa xidmət etmir” və regionda yeni gərginlik potensialı yaradır.

Yeri gəlmişkən, həmin faylların içində 2016-cı ilin avqustunda, aprel döyüşlərindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub da yer alır.

O, məktubda açıq şəkildə göstərilir ki, Ermənistan Qarabağ münaqişəsinin yalnız “razılaşma bərabərliyi” üzərində deyil, İrəvanın mövqeyinə üstünlük verilməklə həll edilməsini istəyir.

Məktubda Azərbaycan tərəfindən irəli sürülən “ərazilər əvvəl, status sonra” — yəni işğal olunmuş torpaqların əvvəl qaytarılması, sonra status məsələsinə keçilməsi formulu tənqid olunur. Sarkisyan bu yanaşmanı “Çox təhlükəli” adlandırır və iddia edir ki, belə hal Azərbaycanın maraqlarına uyğundur.

Məktubda, həmçinin Rusiyadan, yəni Putindən Bakı üzərində təzyiq üçün vasitəçilik istənilir: Sarkisyan Moskvanın vasitəçiliyini Rusiyanın regiondakı nüfuzuna söykənərək “tarazlığı bərpa edəcək mexanizm” kimi görüb.

Deməli, Ermənistanın keçmiş rəhbərliyi münaqişəni “status-kvo”da saxlamaq, işğal edilmiş torpaqları geri verməmək istiqamətində düşünüb. Yəni “real razılaşma yox, manipulyasiya”. Bu, ATƏT və digər vasitəçilərin rolunu neytral görmək yox, Rusiya vasitəsilə Azərbaycana təzyiq üçün istifadə etmək planı idi.

Sabiq prezidentin Putinə yazdığı bu məktub Rusiya və digər vasitəçilər üçün ağır etimad böhranı yaradır. Zaxarova bu səbəbdən Ermənistanın yaydığı həmin sənədləri “etik pozuntu” kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO