“Vladimir Putin müharibəyə son qoymaq istəyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərın Stiv Uitkoff və Cared Kuşnerin Putinlə görüşünün nəticələri ilə bağlı suala cavabında deyib.
“Uitkoff və Kuşnerin təəssüratı belə oldu. Düşünürəm ki, o, daha normal həyata qayıtmaq istəyir. Düşünürəm ki, o, həftədə minlərlə əsgər itirmək əvəzinə, açıq şəkildə Amerika Birləşmiş Ştatları ilə ticarət etmək istəyir. Onların təəssüratına əsasən Putin razılaşmaq istəyir”, - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin Uitkoff və Kuşnerlə dekabrın 2-də baş tutan 5 saatlıq görüşü nəticəsiz olub.
Belə ki, danışıqların gedişindən xəbərdar olan mənbələr bildirib ki, görüş heç bir nəticə verməyib və tərəflər konkret qərara gələ bilməyiblər.
Bununla belə, Putin söhbət zamanı “Avropa tərəfinin destruktiv fəaliyyətlərini” vurğulayıb. Bu ifadə Kreml rəhbərinin mümkün sülh sazişinə nail olunmadıqda məsuliyyəti Avropa İttifaqının üzərinə atmağa çalışdığını göstərir.
Yeri gəlmişkən, Aİ nümayəndələri həmin görüşdə iştirak etməyib.
Bizim.Media
































































































