ABŞ əhalisinin təxminən yarısı – 46 faizi – növbəti 10 il ərzində ölkənin iştirakı ilə nüvə müharibəsinin baş verməsini mümkün hesab edir.
Bizim.Media xəbər verir ki, bu, “YouGov” tərəfindən keçirilmiş yeni ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
Sorğuya əsasən, 37 faiz amerikalı bu ssenarini istisna edir.
Sorğuda iştirak edən respondentlərin partiya mənsubiyyətinə görə də verdiyi cavablar kəski fərqlənir. Belə ki, demokratların 57 faizi, respublikaçıların 37 faizi nüvə münaqişəsinin yüksək ehtimalla baş verə biləcəyini düşünür.
Partiya mənsubiyyəti olmayanlar arasında bu göstərici 44 faizdir.
Respondentlərin 46 faizi terrorçuların və ya cinayətkar qrupların ABŞ ərazisində nüvə silahından istifadə edə biləcəyindən narahat olduğunu bildirib. Ümumilikdə, amerikalıların 65 faizi şəxsi olaraq nüvə müharibəsini yaşamaqdan qorxur. Demokratlarda bu göstərici 77 faiz, respublikaçılarda 58 faiz, müstəqillər arasında isə 61 faiz təşkil edir. Müqayisə üçün bildirək ki, 2022-ci ildə bu narahatlıq 69 faiz təşkil edirdi.
Sorğu 30 oktyabr – 2 noyabr tarixlərində keçirilib və 1148 respondent iştirak edib.
Qeyd edək ki, tədqiqatın dərc edilməsi ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək barədə verdiyi açıqlamalarla üst-üstə düşüb.
Xatırladaq ki, ABŞ-da nüvə sınaqları 1992-ci ildən etibarən dayandırılıb. Tramp həmçinin ölkənin nüvə energetikasının dörd dəfə artırılması barədə sərəncamlar imzalayıb və mövcud radiasiya təhlükəsizliyi standartlarını “həddindən artıq sərt” adlandıraraq tənqid edib.
Bizim.Media






























































































