ABŞ prezidenti Donald Tramp, hərbçiləri qanunsuz əmrləri yerinə yetirməməyə çağıran demokrat konqresmenləri “xain” adlandırıb və onların həbs olunmasını tələb edib.
Bizim.Media xəbər verir ki, Amerika liderinin müraciəti Truth Social sosial şəbəkəsində dərc olunub.
Trampın qəzəbinin miqyası o qədər böyük olub ki, bu mövzuya həsr etdiyi iki paylaşımın mətni tamamilə böyük hərflərlə yazılıb.
Tramp bildirib:
“Mənim əmrlərimə tabe olmamağa çağıran xainlər dərhal həbsdə olmalıdır, feyk xəbər mediasına öz sözlərinin guya hüquqi çərçivədə olduğunu sübut etməyə çalışmamalıdır.
Bu, ən yüksək səviyyədə qarşıdurmaya təhrik idi. Üsyana təhrik ağır cinayətdir. Onların sözlərinin başqa heç bir izahı ola bilməz”.
ABŞ ilə Venesuela arasında gərginliyin artdığı və ABŞ-ın venesuelalı narkokartellərlə mübarizə əməliyyatları fonunda, orduda xidmət təcrübəsi olan altı demokrat konqresmen qısa videoçarx yayımlamışdı.
Həmin videoda onlar hərbçiləri Trampın qanuna zidd əmrlərini yerinə yetirməməyə çağırıblar. Konqresmenlər vurğulayıblar ki, ABŞ qanunları birmənalıdır və hərbçilər onları icra etməyə borcludur.
Videoçarxın müəllifləri konqresmenlər Elissa Slotkin, Mark Kelli, Kris Deluzio, Ceyson Krou, Mebbi Qudlander və Krissi Hulahan olub. (Mənbə: Gazeta.ru)
Bizim.Media





























































































