Ukrayna Ali Radası “Enerqoatom”dakı korrupsiya işi ilə əlaqəli olmaqda şübhəli bilinən ədliyyə naziri German Qaluşenko və energetika naziri Svetlana Qrinçukun istefasını qəbul edib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, baş nazir Yuliya Sviridenko Qaluşenko və Qrinçukun vəzifədən azad edilməsi ilə bağlı təqdimatı Radanın müzakirəsinə daha 12 noyabrda çıxarmışdı.
Hər iki nazir “Enerqoatom” ətrafında korrupsiya qalmaqalı fonunda prezident Volodimir Zelenskinin tələbindən sonra istefa ərizəsi təqdim etmişdi.
Qaluşenko 2020–2021-ci illərdə “Enerqoatom”un vitse-prezidenti olub, daha sonra Ukraynanın energetika naziri vəzifəsini tutub. Bu ilin yayında hökumətdə aparılan dəyişikliklər zamanı o, ədliyyə naziri postuna keçirilib, onun yerini energetika naziri kimi Qrinçuk tutub.
Qrinçuk bundan əvvəl ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri vəzifəsində çalışırdı.
Qrinçuk energetika naziri portfelini 2025-ci ilin yayında alıb. 2022-ci ildə o, Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin Avropa inteqrasiyası üzrə müavini idi.
2023-cü ilin sentyabrında o, energetika nazirinin müavini kimi çalışmağa başlayıb.
10 noyabrda Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) “Enerqoatom”da korrupsiya sxeminin aşkarlanması barədə məlumat yayıb.
İstintaqın versiyasına görə, sxemin təşkilatçısı Zelenskinin yaxın tərəfdaşı, “Kvartal-95” studiyasının həmtəsisçisi Timur Mindıçdır.
NABU-nun məlumatına əsasən, biznesmen və onun tərəfdarları təchizatçılardan ödənişlərin bloklanması və təchizatçı statusunun itirilməsi ilə hədələyərək müqavilələrdən “otkat” tələb ediblər. Mindıç həmin gün ölkəni tərk etməyə müvəffəq olub.
İş üzrə artıq “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov, həmçinin Qaluşenkonun keçmiş müşaviri İqor Mironyuk və keçmiş baş nazir müavini Aleksey Çernışov həbs olunub.
Ukrayna prezidenti isə istintaqı dəstəkləyib və günahkarların cəzalandırılmasına çağırıb.
Bizim.Media
































































































