Noyabrın 17-də Banqladeşin müharibə cinayətləri məhkəməsi vəzifəsindən kənarlaşdırılmış Baş nazir Şeyx Hasinaya ölüm hökmü çıxarıb.
Bizim.Media xəbər verir ki, Banqladeşdə sabiq Baş nazir Şeyx Hasinanın keçən il tələbə hərəkatının etiraz dalğasının qəddarcasına yatırılmasını əmr etməkdə günahkar bilindiyi bir neçə aylıq məhkəmə prosesi başa çatıb.
“Reuters” agentliyinin məlumatına görə, bu qərar onilliklər ərzində Banqladeşin keçmiş liderinə qarşı ən dramatik məhkəmə prosesidir və fevralın əvvəlində keçirilməsi gözlənilən parlament seçkilərindən bir neçə ay əvvəl baş verib.
Hasinanın “Avami Liqa” partiyası seçkilərdə iştirakdan məhrum edilib və bazar ertəsi günü verilən hökmün səsvermədən əvvəl daha çox iğtişaşlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var. Paytaxt Dəkkədə yerləşən Banqladeşin daxili müharibə cinayətləri məhkəməsi olan Beynəlxalq Müharibə Cinayətləri Tribunalı Hasinanın 2024-cü ilin avqustunda Hindistana qaçmasından sonra sərt təhlükəsizlik tədbirləri altında və onun prosesdə iştirak etmədiyi şəraitdə hökm çıxarıb.
Hasina insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına və nümayişlər zamanı bir neçə nəfəri öldürdüyünə görə edama məhkum edilib.
Ölüm hökmü elan edildikdən sonra məhkəmə zalında alqışlar və sevinc səsləri eşidilib. Hökmdən Ali Məhkəməyə şikayət verilə bilər.
BMT-nin hesabatına görə, 2024-cü il iyulun 15-dən avqustun 5-dək davam edən etirazlar zamanı 1400-ə qədər insan həlak olub, minlərlə insan yaralanıb ki, bunların da əksəriyyəti təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində baş verib. Bu, 1971-ci il müstəqillik müharibəsindən bəri Banqladeşdə baş verən ən pis zorakılıq hadisəsi olub.
Hökmdən sonra hakimiyyət orqanlarının nümayəndələri hər hansı problemə hazır olduqlarını bəyan ediblər.
2024-cü ildə Banqladeşdə tələbələr bir neçə həftə davam edən kütləvi nümayişlər keçiriblər. Onlar dövlət qulluğu kvotası sisteminin ləğvini tələb edirdilər.
Bu sistemə əsasən, dövlət qulluğu vəzifələrinin 30%-i 1971-ci ildə Pakistanla müstəqillik müharibəsinin veteranları və onların qohumları üçün ayrılmışdı. Tələbələr bu kvotaları ayrı-seçkilik və ölkədə işsizliyin azaldılmasında səmərəsiz hesab edirdilər. Tələbə etirazları tezliklə ümummilli hərəkata çevrilib. Həftələrlə davam edən iğtişaşlar zamanı təxminən 300 nəfər öldürülüb.
Tələbə etirazları ordunun 2009-cu ildən bəri ölkəyə rəhbərlik edən Baş nazir Şeyx Hasinanı hakimiyyətdən uzaqlaşdırmasına səbəb olub.
Bizim.Media



































































































