Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki dini qurumlarla bağlı sərt bəyanatla çıxış edib. O, kilsəni hazırkı patriarxlardan “təmizləməyə” hazır olduğunu bildirməklə yanaşı, “həyatını belə bu işə həsr etməyə” qərarlı olduğunu vurğulayıb.
Paşinyanın sözlərinə görə, Erməni Apostol Kilsəsi dövlətin inkişafına mane olan amillərdən biridir.
Paşinyanın erməni kilsəsini “təmizləməyə” başladığını elan etməsi revanşizmə qarşı mübarizənin növbəti mərhələsi hesab oluna bilər. Çünki erməni kilsəsi tarix boyu terror yuvası olmaqla yanaşı, bu gün revanşistlərin oyuncağı rolunda çıxış edir. Görünən odur ki, Ermənistanda revanşizmin son qalalarından biri olan kilsə də çökdürülür.
Paşinyan bu istəyinə nail ola biləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, bu təmizlənmə prosesi və kilsənin çökdürülməsinin uğuru Paşinyanın addımlarının ardıcıllığından asılıdır:
“Əgər bu mübarizə sonadək aparılsa, revanşizmin son qalası, doğrudan da, çökə bilər. Amma bunun üçün Paşinyanın həm siyasi, həm də mənəvi səviyyədə ciddi hazırlığı olmalıdır.
Paşinyanın erməni kilsəsinə qarşı başladığı təmizləmə prosesi əslində təsadüfi deyil, uzun illərdir formalaşan bir gərginliyin nəticəsidir. Ermənistanın siyasi sistemində kilsə yalnız dini institut olmayıb, həm də revanşist ideologiyanın dayaq nöqtəsinə çevrilib. Qərbyönümlü islahatlar fonunda Paşinyan bu “müqəddəs dayağı” sarsıtmaqla Ermənistanın daxili ideoloji xəritəsini yenidən cızmaq niyyətindədir”.
“Kilsə keçmiş elitanın ideoloji qalasıdır”.
Politoloq qeyd etdi ki, Paşinyan kilsəyə sadə dini struktur kimi deyil, keçmiş elitanın ideoloji qalası kimi baxır:
“Bu baxımdan, Paşinyanın erməni kilsəsini təmizləməyə başlaması addımı həm daxili müqavimət, həm də xarici təzyiqlərlə nəticələnəcək. Çünki Ermənistan cəmiyyətində kilsə “millətin ruhu” kimi təqdim olunur. O mənada Paşinyanın bu tabu ilə mübarizəsi həm cəsarət, həm də risk tələb edir.
Əslində bu, Rusiya təsirindən uzaq, Qərbə inteqrasiya edən, daha dünyəvi bir dövlət modeli qurmaq baxımından Ermənistanın özünü yenidən kəşf etmə cəhdidir”.
“Revanşizmin son qalası çökə bilər”
Həmsöhbətimizin fikrincə, bu keçid prosesinin nəticəsində Ermənistanda revanşizmə son qoyulub-qoyulmayacağı sualı isə hələlik açıq olaraq qalır:
“Çünki revanşist ideologiya yalnız kilsədə deyil, cəmiyyətin dərin qatlarında da kök atıb. Paşinyan dini deyil, siyasi sistemi dəyişir. Əgər onun məqsədi revanşizmi aradan qaldırmaqdırsa, bunun üçün kilsə ilə yanaşı, təbliğat orqanlarını və keçmiş elita qruplarını da sıradan çıxarmalıdır.
Ermənistan indi tarixi dönəmdədir. Ya yeni, sivil dövlət quracaq, ya da köhnə ideologiyanın bataqlığında qalacaq. Əgər bu mübarizə sonadək aparılsa, revanşizmin son qalası, doğrudan da, çökə bilər”.
Rüfət Sultan, Bizim.Media






























































































