Erməni jurnalist, bloger və “Obyektivin mərkəzində” informasiya platformasının müəllifi Roman Bağdasaryan müasir Ermənistanın siyasi həyatını müəyyən edən əsas meyllərdən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, 1news.az-a müsahibəsində söz açıb.
Ekspertin sözlərinə görə, yaxınlaşan parlament seçkiləri fonunda ölkə tədricən revanşizm və “Qarabağ klanı”nın manipulyasiyalarına əsaslanan keçmiş ritorikadan imtina edir. Bu gün Ermənistan cəmiyyətinin diqqət mərkəzində sülh, sabitlik və inkişaf dayanır ki, bu da yenilənməyə və praqmatik gələcəyə olan ictimai tələbi əks etdirir.
– Ermənistanın hazırkı siyasi atmosferini necə xarakterizə edərdiniz? Cəmiyyət Azərbaycanla real sülhə nə dərəcədə hazırdır?
– Ermənistanın bu günkü siyasi vəziyyəti əsasən yaxınlaşan parlament seçkiləri ilə müəyyən olunur. Bu, təbii ki, cəmiyyətdə emosional fonu da gücləndirir.
Əvvəlki hakimiyyət – yəni “Qarabağ klanı” – uzun illər korrupsiya sxemləri, dövlət vəsaitlərinin mənimsənilməsi və “Qarabağ məsələsinin” istismarı hesabına mövcud olub. İndi isə gündəlik dəyişib: söhbət qonşu dövlətlərin daxili işlərinə qarışmamaqdan, onların ərazi bütövlüyünü tanımaqdan və süni gəlir mənbələri hesabına deyil, öz zəhməti ilə yaşamaq zərurətindən gedir.
Bu baxımdan, Ermənistanın indiki siyasi atmosferi kifayət qədər təbii, rasional və aydın görünür.
Azərbaycanla sülh məsələsinə gəlincə – əminliklə deyə bilərəm ki, erməni cəmiyyətinin əksəriyyəti, təxminən 85–90 faizi, bu sülhə həqiqətən hazırdır. Mən buna tam əminəm.
– Müxalif qüvvələrin fəaliyyətini necə qiymətləndirirsiniz? Onlarda aydın siyasi proqram varmı, yoxsa məqsəd yalnız hakimiyyət uğrunda mübarizədirmi?
– Ermənistanda əslində tamhüquqlu müxalifət yoxdur. Əvvəlki hakimiyyətin böyük hissəsi cinayətkar keçmişi olan, müxtəlif qətl və cinayətlərdə iştirak etmiş insanlardır. Onlarda müqəddəs heç nə yoxdur və bu səbəbdən təhlükə yaradırlar.
Bu qüvvələrin nə aydın proqramı, nə də konstruktiv gündəliyi var. Ermənistan xalqı müdrikdir və bunu çox gözəl anlayır, elə buna görə də hazırkı baş nazir Nikol Paşinyanı dəstəkləyir.
Müxalifətin ritorikası əhalinin çoxluğu üçün anlaşılmazdır və xalq bu təxribatçı şüarlara uymur.
– Bəs nə üçün erməni cəmiyyətinin bir hissəsi hələ də Azərbaycanla sülh sözünü təhdid kimi qəbul edir?
– Üç onillikdən artıq iki ölkə müharibə vəziyyətində olub. Hər iki tərəfdən çoxlu insan həlak olub. Bu qədər faciədən sonra dərhal etimad münasibəti qurmaq mümkün deyil – bu təbiidir. İnsanlar qorxur, çoxu vəziyyəti dərin təhlil etmək imkanına malik deyil və onilliklər boyu təbliğatın təsiri altında yaşayıb, emosiyalarla hərəkət edir.
– Ermənistanda vətəndaş cəmiyyəti bu gün hansı rolu oynayır? O, qərarların qəbulu prosesinə real təsir göstərirmi, yoxsa daha çox siyasi alətə çevrilib?
– Ermənistanın vətəndaş cəmiyyəti siyasi oyunların aləti deyil – o, öz prinsipləri və maraqları əsasında fəaliyyət göstərir. Onun rolu həqiqətən mühümdür. Bu gün vətəndaş cəmiyyətinin təsiri ölkədə nəzərəçarpacaq dərəcədə qalır.
– Bu baxımdan, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana son səfərini necə qiymətləndirirsiniz? Bu, etimadın möhkəmlənməsi istiqamətində addımdırmı?
– Mən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfərini müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu cür görüşlər daha tez-tez keçirilməlidir. Bu, şübhəsiz ki, ölkələr arasında etimadın möhkəmlənməsinə doğru atılmış addımdır.
Cəmi on nəfər – hər tərəfdən beş nəfər – bir araya gəldi, bir-birinin gözünə baxdı, dinlədi. Tam olaraq bir-birilərini eşidiblərmi – bunu demək çətindir, amma dialoqun özü artıq mühüm faktdır. Bu, sərhəddə dayanıb bir-birini yalnız media və şayiələr vasitəsilə tanımaqdan qat-qat yaxşıdır. Əminəm ki, bu kontaktlar öz bəhrəsini verəcək.
– Hakim partiyanın qarşıdan gələn seçkilərdə qələbə şansı nə qədərdir?
– Burada heç bir şübhə yoxdur – onlar, şübhəsiz, qalib gələcəklər. Şansları çox böyükdür. Ermənistan xalqı müdrikdir, Paşinyanın gördüyü işləri və onun ölkənin daxili işlərindəki fəaliyyətini obyektiv şəkildə qiymətləndirir.
– Siz həqiqəti deməkdən çəkinməyən biri kimi tanınırsınız. Ermənistanda bu gün fərqli fikir səsləndirmək nə dərəcədə təhlükəlidir?
– Təhlükəlidir. Ölkədə hələ də çoxsaylı kriminal strukturların nümayəndələri – o cümlədən “Qarabağ klanı”na aid şəxslər fəaliyyət göstərir. Məsələn, bəzi hakim və istintaqçılar müəyyən oliqarxlardan, o cümlədən Samvel Karapetyandan pul alaraq onların sifarişlərini yerinə yetirirlər.
Ermənistanda həqiqəti demək doğrudan da risklidir. Şəxsən mən də bu riski hiss edirəm – bilmirəm, sabah hansı hakim və ya müstəntiq kimin sifarişi ilə mənə qarşı çıxacaq. Məhkəmə sisteminin bir hissəsi korrupsiyalaşıb və onlar istənilən addımı ata bilərlər.
Əlbəttə, banditlərin və cinayətkarların aqressiv tonu narahatlıq yaradır, amma mən buna fikir verməməyə çalışıram və işimi davam etdirirəm.
– Nəhayət, erməni cəmiyyətinə bir cümlə ilə müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz?
– Mən həmişə eyni şeyi deyirəm və bunu bir daha təkrarlaya bilərəm: erməni cəmiyyətini sakit şəkildə işləməyə, bütün qonşularla dialoqu davam etdirməyə, özünə inamlı olmağa və böyük nailiyyətlərə can atmağa çağırıram. Eyni arzunu bütün qonşu xalqlara, o cümlədən Azərbaycan xalqına da diləyirəm.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:43 / 28.10.2025
Roman Bağdasaryan: “Ermənistan “Qarabağ klanı”nın kölgəsindən çıxır”
Hazırda oxunan: Roman Bağdasaryan: “Ermənistan “Qarabağ klanı”nın kölgəsindən çıxır”
Hazırda oxunan: Roman Bağdasaryan: “Ermənistan “Qarabağ klanı”nın kölgəsindən çıxır”
577666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































