Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səbəbindən 59 mindən çox avtomobili geri çağırmaq qərarı verib.
ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına görə, bu qüsur yanğın riski yarada biləcək ciddi təhlükə təşkil edir.
Bizim.Media xəbər verir ki, bəzi Ford avtomobillərindəki motor bloku isidiciləri çatlayaraq soyutma mayesinin sızmasına səbəb olur.
Bu sızıntı qısa qapanmaya yol açaraq avtomobilin mühərrik hissəsində yanğın baş vermə ehtimalını artırır.
Ford-un geri çağırma siyahısında Lincoln MKC, Explorer, Fusion, Bronco Sport və Maverick modelləri yer alır. Şirkət bildirib ki, indiyədək bu qüsurla əlaqəli hər hansı qəza və ya xəsarət barədə məlumat yoxdur.
Ola biləcək təhlükənin qarşısını almaq üçün Ford avtomobil sahiblərinə rəsmi servis mərkəzləri ilə əlaqə saxlayaraq pulsuz yoxlama etdirilməsini tövsiyə edib. Qüsur aşkar olunduqda motor bloku isidiciləri dəyişdiriləcək.
Ekspertlər, geri çağırma siyahısına düşən avtomobil sahiblərinin şassi nömrələrini (VIN) Ford-un rəsmi saytından yoxlamasını tövsiyə edir.
Həmçinin, avtomobildə soyutma mayesi sızması və ya yanmış qoxu kimi qeyri-adi əlamətlər görüldükdə, mühərrikin dərhal dayandırılması vacibdir. (Milli.Az)
Bizim.Media