HƏMAS daha iki israilli girovun cəsədini qaytarıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" hesabında paylaşım edib.
Bildirilib ki, Milli Məhkəmə Tibbi İnstitutunun İsrail polisi və hərbi rabbinliyi ilə birgə apardığı şəxsiyyətin müəyyənləşdirilməsi prosesini başa çatıb. Məlumata görə, cəsədlər IDF baş serjantı Məhəmməd əl-Atraşa və "Nova" festivalından qaçırılan qadın girov İnbar Heymana aiddir, onların ailələrinə bununla bağlı məlumat veriblər.
"IDF-nin əlində olan kəşfiyyat məlumatlarına görə, İnbar Heyman 7 oktyabr 2023-cü ildə HƏMAS terror təşkilatı tərəfindən öldürülüb və cəsədi Qəzza zolağına aparılıb. Öldüyü zaman 27 yaşında olan İnbar "Nova" festivalı zamanı qaçırılıb. Onun ölümü 15 dekabr 2023-cü ildə elan edilib. Heymanın valideynləri və qardaşı sağdır.
Sava bölgəsindən olan baş serjant Məhəmməd Əl-Atraş İsrail Müdafiə Qüvvələrinin "Şimali Qəzza zolağı" briqadasında çalışıb. O, oktyabrın 7-də səhər döyüş zamanı öldürülüb, meyiti HƏMAS terror təşkilatı tərəfindən aparılıb. Məhəmməd öldüyü zaman 39 yaşında olub. Onun ölümü 24 iyun 2024-cü ildə elan edilib. Əl-Atraşın valideynləri, qardaşları və bacıları sağdır, iki arvadı və 13 uşağı qalıb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl HƏMAS dörd israilli girovun cəsədini verib və onlardan üçünün şəxsiyyəti müəyyənləşib, birinin isə israilli girovlara aidiyyətinin olmadığı bildirilib.
Bizim.Media